Bakıda bağça müdirinin törətdiyi cinayət əməli ÜZƏ ÇIXDI

Bakıda bağça müdirinin törətdiyi cinayət əməli ÜZƏ ÇIXDI

Hazırda oxunan: Bakıda bağça müdirinin törətdiyi cinayət əməli ÜZƏ ÇIXDI

598215

Ali Məhkəmədə vəzifə saxtakarlığında təqsirləndirilən Sevda Vəliyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, kassasiya şikayətinə əlavə təmin olunmayıb, Bakı Apellyasiya Məhkəməsinin 1 qərarı cəzaya aid hissədə dəyişdirilib. Həmin qərardan Sevda Vəliyeva 1 il müddətə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsi cəzasının təyin edilməsinə dair müddəalar xaric edilib.


Qeyd edək ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən, Sevda Vəliyeva Yasamal rayonu təhsil şöbəsinin 23 iyul 2003-cü il tarixli 77 nömrəli əmri ilə paytaxtın Yasamal rayonu ərazisində yerləşən 184 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin olunaraq həmin vəzifədə çalışıb.

İttihama görə, o, 01 yanvar 2022-ci il tarixdən 14 noyabr 2023-cü il tarixədək olan dövr ərzində tamah niyyəti ilə dövlət büdcəsindən ayrılmış və rəhbərlik etdiyi məktəbəqədər təhsil müəssisəsinə verilmiş ərzaq məhsullarını mənimsəmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.
 

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sevda Vəliyeva bağçada faktiki tərbiyə alan uşaqların sayını süni surətdə artırmaq üçün müxtəlif üsullara əl atıb. O, tərbiyə prosesinə cəlb olunmamış və “Məktəbəqədər Təhsil İnformasiya Sistemi”nə daxil edilməmiş 69 nəfər uşağın, həmin sistemə daxil edilməmişdən əvvəl 25 nəfər uşağın, bağçadan xaric olunduqdan sonra 88 nəfər uşağın, 2023-cü ilin oktyabr-noyabr aylarında artıq orta təhsil müəssisələrində təhsil alan 2 nəfər uşağın adlarını davamiyyət sənədlərinə daxil edib. Bundan əlavə, faktiki olaraq bağçada tərbiyə alan 3 nəfər uşağın adını eyni vaxtda iki dəfə qeyd etməklə sənədlərdə şişirtməyə yol verib.


Qeyd olunan halların nəticəsi olaraq, 2022-ci ilin yanvar–dekabr ayları və 2023-cü ilin fevral–noyabr ayları üzrə “davamiyyət” və “uşaq günləri” cədvəllərində faktiki tərbiyə alan uşaqların sayı süni şəkildə artıq göstərilib. Hər ay üzrə 20 nəfərlik 4 qrup (2023-cü ilin noyabr ayında isə 3 qrup 20 nəfər, 1 qrup 14 nəfər olmaqla) əsas götürülərək minlərlə “uşaq günü” rəsmiləşdirilib. Ümumilikdə, həmin dövr ərzində on minlərlə davamiyyət günü sənədləşdirilib və bununla da faktiki mövcud olmayan iştirak göstəriciləri formalaşdırılıb.

Məhkəmə müəyyən edib ki, Sevda Vəliyeva icra edilməmiş uşaq günləri barədə cədvəllərə bilə-bilə yalan məlumatlar daxil edib, sənədləri imzalayıb və bağçanın möhürü ilə təsdiqlədikdən sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı Xidmət və Əməliyyat Mərkəzinə təqdim edib. Bununla da o, vəzifə saxtakarlığı törədib.
 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Sevda Vəliyeva Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Hökm ilə maddi sübutlar, məhkəmə məsrəfləri və digər prosessual məsələlər də həll olunub. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Protestdə təqsirləndirilən şəxsə cəzanın daha sərt hədlərdə, əlavə cəza tətbiq edilməklə təyin olunması xahiş edilib.


Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti qismən təmin edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilib, Sevda Vəliyeva 1 il müddətinə məktəbəqədər təhsil müəssisələrində maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Sevda Vəliyevanın müdafiəçisi tərəfindən kassasiya şikayəti və ona əlavə təqdim edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO