“Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunan bütün yaşayış məntəqələrində olduğu kimi, Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bu ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 150 mindən çox vətəndaşın yaşayacağının gözlənildiyini bildirib:
"Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir.
İlkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağını göstərir və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir".
Günay Şahmar, Bizim.Media


































































































