Heç indinin gözləri də o gözlər deyil axı

Heç indinin gözləri də o gözlər deyil axı

Hazırda oxunan: Heç indinin gözləri də o gözlər deyil axı

597884

Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında bu gün imzaladığı sərəncam məni 30 il əvvələ apardı — uşaqlığın saf yaddaşına, o illərin kövrək, amma qürurlu duyğularına. Həmin vaxt — 1996-cı ildə böyük şairin 90 illik yubileyi ölkə səviyyəsində qeyd olunurdu. Naxçıvanın Cəhri kənd məktəbinin 6-cı sinifində oxuyurdum və məktəbimizdə S.Vurğunun yubiley tədbirlərinə hazırlaşırdıq.

O vaxtlar bizim balaca, həm də çox böyük dünyamıza bir də Səməd günəşi doğmuşdu: şövqlə şeirlərini əzbərləyib bütün günü dilimizdən düşürmürdük, misralar sinif otaqlarının divarlarına sığmır, ürəyimizə köçürdü:

Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.

Ağır müharibə atəşkəslə yenicə dayanmış, ağrı-acımızla, dərd-sərimizlə baş-başa qaldığımız dönəmlərdə Səmədin poetik “Azərbaycan” xəritəsi bizim üçün sadəcə şeir deyildi - o, mənəvi dayaq idi. Məmməd Arazın vətəndaş poeziyası, Xəlil Rzanın səma-günəş kimi azadlıq istəyi, Bəxtiyar Vahabzadəın “Gülüstan”ı və “bir salama dəyməyən” ölmüş eşqi vətənçilik, məhəbbət və ümid məbədimiz kimi bizi ayaqda saxlayan mənəvi sütun idi…

Uşaq yaddaşı daim təzə qalır, o ölmür. O, zamanın tozunu qəbul etmir. S.Vurğunun həmin vaxt tədbirdə qiraət etdiyim “Ala gözlər” şeirini indi də tez-tez səsləndirirəm — hər dəfə sanki illər aradan çəkilir:

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər...

Düşünürəm ki, bir cüt ulduz kimi baş-başa verib, yanaraq camala şölə salan o gözləri indiki zamanda heç kim belə vəsf edə bilməz. Heç indinin gözləri də o gözlər deyil axı… 

Bəlkə də zamanın sürəti baxışların dərinliyini azaldıb.

İnternetin, süni zəkanın at oynatdığı bir dönəmdə çox şey adiləşib. Qarşına hər gün min rəngdə və min formada göz çıxır, təəccüblənmirsən, riqqətə gəlmirsən... yazılanlar, pozulanlar da çox zaman internetdəki gözlər qədər sadə və adi olur... Sözün çəkisi yüngülləşib, gözün baxışı sürətlənib. Günlərlə ünvana doğru yol gedən mürəkkəb qoxulu məktubları indi anlıq sms-lər, canlı videozənglər əvəz edib. 

O məktubların hər sətirində həsrət, intizar, gözlənti vardı.

İysiz-qoxusuz holland zanbaqları da nərgiz-yasəmən kimi tərənnüm edilmir. Onlar da çox soyuq və ruhsuz olub. Çox şey kimi onlar da pulla alınır, artıq dağ-dərədən dərilmir. 

Təbiətin özü də sanki bir az şəhərləşib.

Yerdən ayağını quş kimi üzüb, yay kimi dartılıb ox kimi süzən ceyranlar da Səmədin qələmində və ruhundakı kimi möhtəşəm deyil.

Onun misralarında təbiət nəfəs alırdı. Səmədin saçları ağarsa da, ürəyinin odu-atəşi həmişə yaxıb-yandıran idi:

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…

Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
– Şair, nə tez qocaldın sən!

Səməd Vurğun ədəbiyyata xalq ruhu gətirib. Onun poeziyasında yüksək amallar, milli hisslər, vətənpərvərlik, azərbaycançılıq düşüncələri, bəşəri ideyalar sadə, eyni zamanda romantik bir vüsətlə tərənnüm edilib. O həm də “Vaqif”in ucalığıdır. İdeya-məzmun və bədii xüsusiyyətləri baxımından bu əsər Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin sırasına aid edilir. O, Vaqifin timsalında xalqın müdrikliyini, mənəvi zənginliyini, əyilməzliyini ifadə edən bir obraz yaradıb. Vicdana və yenilməzliyə abidə ucaldıb: 

“Əyilməz vicdanın böyük heykəli”!

“Azərbaycan” şeiri isə Vurğunun poeziyamıza vurduğu möhürdür — coğrafiyadır, tarix kitabıdır, sevgidir, milli kimliyimizin poetik xəritəsidir.

“Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır...”

İlham Əliyev


Dərin minnətdarlıq duyğusu ilə qarşıladığım bu günkü sərəncamla həm Səməd Vurğunu, həm də öz uşaqlığımı bir daha xatırladım. Poeziya elə ali hissdir ki, o istənilən yaşda adamı həm uşaq, həm də gənc saxlayır.

Səməd Vurğunun milli poeziyamızı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fondunda əbədi yaşayacaq — zaman dəyişsə də, sözün ucalığı dəyişməyəcək.

SAHİL Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO