Azərbaycanda indiyədək əsasən kişilərin üstünlük təşkil etdiyi sahələrdə son illər qadınlar daha fəal rol almağa başlayıb. Qadınların maraq göstərdiyi sahələrdən biri də nəqliyyat sektorudur.
Bu gün ölkədə qaldırıcı kran idarə edən, pilot kimi uçuş həyata keçirən, yaxud maşinist qadınlar var. Amma nəqliyyat sektorunun təmir sahəsində hələ ki, iki qadın öz peşəkar fəaliyyəti ilə adından söz etdirib. Onlardan biri, Nüşabə Şərifova sürətlər qutusu təmirçisi kimi öz kişi həmkarlarından geri qalmır.
Yeri gəlmişkən, dünyada avtomobil təmiri sahəsində “çəhrayı əlcəkli ustalar” kimi tanınan servislər mövcuddur. Belə servislərdə ustalar qadın cinsinin rəmzi rəngi sayılan çəhrayı rəngdən istifadə edirlər. Burada ancaq qadınlar çalışır. Xüsusən də mühafizəkar ölkələrdə qadın sürücülər yalnız bu adda olan servislərə müraciət edirlər.
Nüşabə usta Bizim.Media-ya açıqlamasında deyir ki, yerli servislər qadın mütəxəssisləri cəlb etməklə bu sahəyə maraq arta və getdikcə genişlənə bilər. Amma bəzi səbəblərdən qadınlar təkcə özləri deyil, həm də qarşı tərəfin müdaxilələrinə görə belə ağır sənətdən uzaq dururlar:
“Bu sahəni həm də ona görə seçmirlər ki, kobud desək, çirkli işdir. Fiziki əmək tələb edir. Amma ən əsası ətraf qınaqdan çəkinirlər. Yəni cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaya bilər. Çünki mən özüm bu qınaqlarla cox qarşılaşmışam. Lakin hec bir maneəyə fikir vermədən hədəfə doğru irəliləmişəm. Burda bir nuans da var ki, gərək sahiblənmək istədiyin sənətə təkcə gəlir mənbəyi kimi yox, həm də sevgi ilə baxasan. Mən də maşınları çox sevirəm və onların dərdini anlamağa çalışıram”.
Nüşabə usta dünyada artıq mövcud olan “çəhrayı əlcəkli ustalar” servis xidməti haqqında düşündüyünü bildirib:
“Belə bir servisimin olmasını istəmişəm. Yəni qadın işçiləri, öyrənmək istəyən şagirdləri cəlb etmək fikrim olub. Hətta bu məqsədlə gəlib müraciət edənlər də olub. Amma sona qədər dayanan, davam edən olmayıb. Bunun çox səbəbləri var. Amma düşünürəm ki, əsas səbəb deyil, nəticədir”.
Qeyd edək ki, “çəhrayı əlcəkli ustalar” servis xidmətləri təkcə kommersiya məqsədli deyil, həm də sosial layihə olaraq həyata keçirilir.


Şəfiqə Şəfa, Bizim.Media































































































