Vardanyan Azərbaycanda əsgərlikdən necə qaçıb?

Vardanyan Azərbaycanda əsgərlikdən necə qaçıb?

Hazırda oxunan: Vardanyan Azərbaycanda əsgərlikdən necə qaçıb?

596892

Əsl soyadı Keşiş Balyan olan erməni separatçı indi ölkəmizdə 20 il həbs cəzası çəkməyə məhkumdur...

Fevralın 17-də Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı elan olunub.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında R.Vardanyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Orta məktəbi qızıl medalla bitirən, Lomonosov adına Moskva Dövlət Universitetini qırmızı diplomla başa vuran, Harvardda, İtaliyada master-klass öyrənən, nəhayət, uğurlu bir biznesmen həyatında “dönüş” edərək qanunsuz olaraq Qarabağa gələn Vardanyanın “müstəqil artsax uğrunda mübarizəsi”nin sonu 20 illik həbs cəzası ilə nəticələndi.
 

“Rusiyanın adamı” olması haqda onun burnu Xankəndində görünəndən deyilirdi, sonra rəsmi şəkildə də bəyan edildi. O isə bu ittihamları Rusiya vətəndaşlığından imtina etməklə “təmizləmək” istədi, sonra Azərbaycan onun istefasına da nail oldu. Bu artıq ona xəbərdarlıq olmalı idi, amma Vardanyan getmədi və Azərbaycana qarşı revanşist bəyanatlar verməkdə davam etdi. Yalnız antiterror əməliyyatdan 1 ay, ayyarım əvvəl Vardanyan artıq isterik vəziyyətdə idi və gah Paşinyanı, gah separatçıları günahlandırırdı. Bu artıq Vardanyanın aqoniyası idi. Ən son açıqlamasını antiterror əməliyyatından sonra vermişdi. Vardanyan demişdi ki, “erməni silahlıları az qala şir kimi döyüşürdülər, döyüşəcəklər də”.


Vardanyanla Azərbaycanı bağlayan maraqlı faktlar var. Məsələn, Vardanyan MDU-nun birinci kursunu bitirəndən sonra əsgərliyə çağırılıb və Azərbaycanda hərbi hissələrin birinə düşüb.

Özü vaxtilə bu barədə belə danışıb: “Mən Moskva Dövlət Universitetinə qəbul olmuşdum. Birinsi kursdan sonra başqa uşaqlar kimi məni də orduyu götürdülər. Mən Azərbaycana düşdüm. Onda Azərbaycanla Ermənistan arasında müharibə yox idi, amma münasibətlər artıq gərgin idi. Bakıda məni bir erməni praporşik qarşıladı və dedi: ”Ermənistanda xidmət eləmək istəyirsən?" Mən dedim: “İstəyirəm”. O dedi: “300 rubl ver, gedərsən”. Mən: “Yanımda bu qədər pul yoxdur”. O dedi: “Yaxşı, 50 bəsdir”. Cavab verdim: “Mənim yalnız 27 rubl pulum var”. O isə “Bu artıq həyasızlıqdır” dedi və getdi. Onda mənimlə birlikdə qatarda gələn uşaqlar mənə dedilər: “Biz hərəmiz üç rubldan yığmışıq. Götür bu pulu və get Ermənistanda xidmət elə”. Mən həmin 23 rublu bütün həyatım boyu unutmaram".

Beləliklə, Vardanyanın xidmət yerini Ermənistana dəyişiblər. SSRİ dövründə öz ölkəndə xidmət etmək nadir hallarda ola bilərdi, necə olubsa, Vardanyana bu qismət olub.
 

İkinci maraqlı fakt onun soyadı ilə bağlıdır, bunu da özü açıqlayıb. Vardanyanın dediyinə görə, ana tərəfdən gürcü qanı var. Babası və babasının bacısı Türkiyədən köçürüləndə kiçik yaşlı olublar və bir erməni kəndinə gəlib çıxıblar. Onlardan soruşublar ki, atanızın adı nədir, onlar da “Vardan” deyiblər. Vardanyanlar belə artıb, amma özü deyib ki, sonralar kökünü axtarmağa çalışıb. Öyrənib ki, soyadları əslində Keşiş-Balyandır...


Beləcə, Azərbaycanda əsgərlikdən yayınan Keşiş Balyan indi 20 il həbs cəzasını çəkməyə məhkumdur... (“Yeni Müsavat”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO