Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qardaşı oğlu İbrahim Əbülfəz oğlu İbrahimovu öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Cabir İbrahim oğlu İbrahimov 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub. Cabir İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Şərur rayonun Aşağı Daşarx kəndində baş verib.
İttihama görə, İbrahim İbrahimovla əmisi Cabir İbrahimov arasında əvvəllər də bir neçə dəfə şəxsi münasibətlər zəminində söz-söhbətlər olub. Qohumların sonuncu mübahisəsi yolda avtomobillə hərəkətdə olarkən ötmə manevrləri ilə əlaqədar yaşanıb.
Onlar avtomobili saxlayıb davaya başlayarkən Cabir İbrahimov mismarçıxaran çəkiclə qardaşı oğlu İbrahim İbrahimovun baş nahiyəsinə zərbə endirib.
C.İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə mühakimə olunub. (Report.az)
Bizim.Media
































































































