Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb.
Beləliklə, şirkətin rəhbərliyində təmsil olunan şəxslərin sayı 14-dən 15-ə yüksəlib. Bunlar prezident, 2 nəfər I vitse-prezident və 12 vitse-prezidentdir.
SOCAR-da I vitse-prezidentlər Rövşən Nəcəf və Xoşbəxt Yusifzadədir.
Rövşən Çingiz oğlu Nəcəf – Prezidentin 10 fevral 2022-ci il tarixli sərəncamı ilə SOCAR-ın I vitse-prezidenti təyin olunan Rövşən Nəcəfə ARDNŞ-nin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da həvalə edilib.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin bakalavr və magistr dərəcələrini bitirib, ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.
1982-ci ilin 9 aprelində Bakı şəhərində anadan olan R. Nəcəf iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, Prezidentin 24 dekabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Rövşən Nəcəf Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir.
Yusifzadə Xoşbəxt Bağır oğlu – SOCAR-ın 92 yaşlı I vitse-prezidenti ixtisasca mühəndis-geoloq, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvüdür (aprel, 2007). O 2016-cı ilin 18 aprelindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olan Xoşbəxt Yusifzadə 1992-ci ildən - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hələ "Azərineft" Dövlət Konserni adlandığı vaxtdan (1992-1994-cü illər) etibarən birinci vitse-prezident vəzifəsində çalışıb.
Dövlət Neft Şirkətinin müxtəlif istiqamətlər üzrə ümumilikdə 12 vitse-prezidenti var. Onlardan biri qadındır.
Qasımov Süleyman – iqtisadi məsələlər üzrə vitse-prezident
Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə ARDNŞ-nin İqtisadi məsələlər üzrə vitse-prezidenti təyin olunan Süleyman Qasımov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.
O, 1982-1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib), 1991-2003-cü illərdə “Xəzərdənizneft” İstehsalat Birliyinin (İB), “Azərineft” Neft və Qazçıxarma Baş İdarəsinin, “Dənizdə neft və qazçıxarma” İB-nin baş mühasibi vəzifələrində işləyib. 2004-2006-cı illərdə ARDNŞ-nin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, İdarə rəisinin müavini, İdarə rəisi olub.
İqtisad elmləri doktoru, professor, 3 monoqrafiya, 45-dən çox elmi məqalənin müəllifi olan Süleyman Qasımov 2006-cı ildə “Tərəqqi” medalı, 2011-ci ildə “Şöhrət” ordeni, 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Nəsirov Elşad - sərmayələr və marketinq üzrə vitse-prezident
1960-cı ildə Bakı şəhərində anadan olan Nəsirov Elşad Mustafa oğlu 2005-ci ilin 28 dekabrında ARDNŞ-nin Sərmayələr və marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
O 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləyib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışıb, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisinin müavini olub. 1997-2003-cü illərdə ARDNŞ-nin Xarici iqtisadi əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
Bədəlov Bədəl - sosial məsələlər üzrə vitse-prezident
1961-ci ildə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndində anadan olan Bədəlov Bədəl Şamil oğlu 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
O 2003-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunun (NEZ) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2005-2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı NEZ-in direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olub. 2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülüb.
Məmmədov Xalik - kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident
1958-ci ildə Astara rayonunda anadan olan Məmmədov Xalik Rəfi oğlu 2007-ci ildən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentidir.
1994-2005-ci illərdə “Azərneftyanacaq” İstehsalat Birliyində (daha sonra “Azərneftyanacaq” NEZ, Heydər Əliyev adına Bakı NEZ adlandırılıb) kadrlar şöbəsinin rəisi, baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışıb. 2005-2007-ci illərdə ARDNŞ-nin İşlər İdarəsinin rəisi olub, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına, 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
İskəndərov Daşqın - neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzr vitse-prezident
1965-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olan İskəndərov Daşqın Ələm oğlu 2019-cu ildə SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
O 2007-2010-cu illərdə “Azneft” İB-nin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini və rəisi olub. 2010-cu ildə “Azneft” İB-də Baş direktorun 1-ci müavini- baş-mühəndis, 2011-ci ildə Baş direktor vəzifəsinə təyin edilib. 2014-cü ildə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb. Texnika elmləri doktoru, 2 monoqrafiyanın, 20-dən çox elmi məqalənin, 12 ixtira və patentin müəllifidir.
Hüseynzadə Rəfiqə - ekologiya üzrə vitse-prezident
952-ci ildə Bakı şəhərində anadan olan Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 2011-ci ildən ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidentidir.
1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin Baş direktoru olan Rəfiqə Hüseynzadə 2001-ci ildən Bakı Dövlət Universitetinin “Faydalı qazıntılar” kafedrasında dosent kimi elmi fəaliyyətini davam etdirir, 70-ə yaxın elmi məqalənin müəllifidir. “Discover Azerbaijan” kitablarının birinci və ikinci buraxılışının, eləcə də “Azerbaijan and United Kingdom 100 Years of Partnership” kitabının həmmüəllifidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb.
Lətifov Yaşar - yataqların işlənməsi üzrə vitse-prezident
1965-ci ildə Bakı şəhərində anadan olan Lətifov Yaşar Aydın oğlu 2016-cı ildə SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərən Yaşar Lətifov 2012-ci ildən SOCAR prezidentinin müşaviri və “AÇG”, “Şahdəniz” layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan “SOCAR Upstream Management International” MMC-nin icraçı direktoru vəzifəsində çalışıb. 2017-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb.
Nəcəfov Kənan - vitse-prezident
1975-ci ildə Bakı şəhərində anadan olan Kənan Təhməz oğlu Nəcəfov 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini Hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib.
1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində, 2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Zaur Qurbanov – vitse-prezident
1982-ci ildə Mingəçevir şəhərində anadan olan Qurbanov Zaur Aydın oğlu 2021-ci ilin 11 avqustunda SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Əvvəl Azərbaycan İnvestisiya Holdinqin direktoru müavini vəzifəsində çalışan vitse-prezident daha öncə beynəlxalq audit şirkəti olan “Ernst & Young”un Azərbaycandakı törəməsində vergi direktoru kimi fəaliyyət göstərib.
2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktorunun müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvüdür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 10.02.2022
SOCAR-ı idarə edənlərin sayı ARTIRILDI: Onlar kimlərdir? - ADLAR+FOTO
Hazırda oxunan: SOCAR-ı idarə edənlərin sayı ARTIRILDI: Onlar kimlərdir? - ADLAR+FOTO
Hazırda oxunan: SOCAR-ı idarə edənlərin sayı ARTIRILDI: Onlar kimlərdir? - ADLAR+FOTO
59564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.