Azərbaycanda narkotikə görə həbs edilən şəxsin qətl törətdiyi məlum olub.
Bizim.Media xəbər verir ki, Tərtər rayon sakini, 1973-cü il təvəllüdlü Firdovsi Təhməzov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib.
Məhkəmənin qərarı ilə o, 7 il 6 ay azadlıqdan məhrum edilib. 2025-ci ildə Firdovsi Təhməzovun daha bir cinayəti üzə çıxıb.
Məlum olub ki, o, 2009-cu ildə Rusiyada qətl hadisəsi törətməkdə şübhəli bilinərək barəsində axtarış elan olunub. Rusiya istintaq orqanının ittihamına görə, F.Təhməzov 2009-cu il yanvarın 15-də saat 2 radələrində Rusiya Federasiyası, Moskva şəhəri, Şelkovskoye şosesi, ev 98 ünvanında yerləşən, aşpaz kimi fəaliyyət göstərdiyi kafedə Ukrayna vətəndaşı Vladimir Zubkovu bıçaqlayıb. V.Zubkov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hadisədən sonra F.Təhməzov Rusiyanı tərk edərək Azərbaycana qaçıb. Rusiya istintaq orqanının təqdimatı ilə Azərbaycanda faktla bağlı cinayət işi başlanılıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə F.Təhməzov 9 il 6 ay azadlıqdan məhrum edilib.
F.Təhməzovun 5 il 10 ay 17 (on yeddi) gün müddət təyin olunmuş cəzasından çıxılaraq onun üzərində 3 il 7 ay 13 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb. (Oxu.az)
Bizim.Media



































































































