Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bizim.Media Tahir Budaqovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU
1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.
O, 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 dekabr tarixli 439 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Evlidir, üç övladı var.
Bizim.Media






























































































