Hansısa ərazidən, obyektdən, yerdən pul tapmaq hər bir vətəndaşın gündəlik həyatında rastlaşa biləcəyi hadisədir. Pulun miqdarından və ya pulu tapan şəxsin individual seçimindan asılı olaraq vətəndaş bu halda bir neçə – pulu xərcləyə, sahibinin tapılması üçün elan paylaşa, aidiyyəti üzrə təhvil verə və s. – addım ata bilər.
Bəs görəsən, bu məqamda qanunvericilik nə deyir?
Bizim.Media xəbər verir ki, hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı “Trend.az”a açıqlamasında bildirib ki, vətəndaş yerdən istənilən əşya, həmçinin pul tapırsa, bununla bağlı mütləq şəkildə mülkiyyətçiyə xəbər verməli, pulun mülkiyyətçisinin orada olub-olmadığı ilə maraqlanmalıdır:
“Əgər mülkiyyətçini tapa bilmirsə, pulu aidiyyəti üzrə polis şöbəsinə təhvil verməlidir. Bir il ərzində pulun sahibi tapılarsa, öz mülkiyyətçisinə qaytarılır. Əgər bir il ərzində pulun mülkiyyətçisi üzə çıxmasa, onu tapan şəxs mülkiyyətçiyə çevrilir”.
Vətəndaş tapdığını qaytarmaq istəmir…
Hüquqşünas deyib ki, vətəndaş pulu vaxtında təhvil versə, bəxşiş ala bilər:
“Pulu tapan şəxsin onun dəyərinin 5 faizi miqdarında bəxşiş almaq hüququ var. Əgər pulu tapan şəxs mülkiyyətçini axtarmayıb, səlahiyyətli quruma təhvil verməyibsə, bəxşiş almaq hüququnu itirir. Vətəndaş tapdığı pulu sahibinə qaytarmaqdan boyun qaçırırsa, o, aidiyyəti qaydada məhkəməyə verilir, tapıntı geri alınır. Lakin belə olan halda da əşyanı tapan şəxs bəxşiş almaq hüququnu itirir”.
Tapıntı, yoxsa oğurluq?
Şamil Paşayev xüsusilə vurğulayıb ki, tapıntı mülki məsələdir, oğurluq, cinayət deyil:
“Əşyanı tapan adam oğurluq etmiş sayılmır. Oğru gizli şəkildə özgə əmlakını talayan şəxsdir. Tapıntıda isə talamaq məsələsi yoxdur, sadəcə əşyanı tapırsan. Əşya onu axtarmadan, istəmədən qarşına çıxır və sən onu tapırsan. Tapıntının subyekti ilə oğurluğun subyektinə eyni münasibəti göstərmək olmaz. Tapıntıda hər hansı cəza yoxdur, oğurluq isə cinayət məsuliyyətinə səbəb olur. Tapıntı heç bir halda cinayət deyil. Vətəndaşın pulu tapdığına hər hansı şübhə yoxdursa, onu sahibinə və ya polisə təhvil vermədiyinə görə şəxsi hər hansı cəza gözləmir”.
Məlumat üçün bildirək ki, Mülki Məcəlləyə görə, əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.
Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:57 / 05.02.2026
Yerdən tapdığı pulu qaytarmayıb xərcləyən şəxslər cəzalandırılır? – Hüquqşünas açıqladı
Hazırda oxunan: Yerdən tapdığı pulu qaytarmayıb xərcləyən şəxslər cəzalandırılır? – Hüquqşünas açıqladı
Hazırda oxunan: Yerdən tapdığı pulu qaytarmayıb xərcləyən şəxslər cəzalandırılır? – Hüquqşünas açıqladı
594552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































