Azərbaycanda əlillik insanın həyat fəaliyyətinin yeddi əsas kateqoriyası, yəni özünəqulluq, sərbəst hərəkətetmə, ünsiyyət və digər kateqoriyalar üzrə məhdudlaşması və orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə əsasən müəyyən olunur.
Əlillik dərəcələri tibbi, funksional meyarlara əsaslansa da, bəzi nadir genetik və fiziki xüsusiyyətlərə malik şəxslərin bu sistemdə qiymətləndirildiyi cəmiyyətdə hələ də müzakirə mövzusu olaraq qalır. Hipovizqanizm xəstəliyi, cırtdanboyluluq da məhz bu kateqoriyaya daxil olan hallardandır. Boyun normadan ciddi şəkildə qısa olması hər zaman sağlamlıq imkanlarının məhdudluğu anlamına gəlmir. Onlar bir çox hallarda yalnız fiziki fərqliliklə deyil, həm də hərəkət imkanlarının məhdudluğu, iş tapmaqda çətinliklər və sosial təcrid riski ilə qarşılaşırlar.
Məhz bu səbəbdən cırtdanboylu şəxslərə əlillik dərəcəsinin verilib-verilməməsi, hansı meyarların əsas götürüldüyü və mövcud qanunvericiliyin bu şəxslərin ehtiyaclarını nə dərəcədə əhatə etdiyi aktual suallar sırasında yer alır.
Mövzu ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na əsasən, yanaşı heç bir ağırlaşma olmadan yalnız cırtdanboyluq zamanı 40% orqanizm funksiyalarının pozulmasına görə əlillik təyin edilir.
Qeyd edilib ki, qadınlarda cırtdanboyluq zamanı boy həddi 120 sm, kişilərdə isə 130 sm müəyyənləşdirilib:
“Cırtdanboyluqla yanaşı şəxsdə müxtəlif nevroloji, psixoloji və digər ağırlaşmalar müşahidə edilərsə, meyarlara əsasən həmin ağırlaşmalar da əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınır”.
Bundan başqa, həmin şəxslər qanunvericiliyə görə daha tez pensiyaya çıxa bilirlər. “Əmək pensiyaları haqqında” qanuna əsasən, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Xatırladaq ki, Azərbaycanda kişilərin təqaüd yaşı 65-dir. Bu il iyul ayında qadınların da pensiya yaşının 65-ə çatacağını nəzərə alsaq, boyu normadan aşağı olan həm kişilər, həm də qadınlar yuxarıdakı şərti ödəməklə 45 yaşında təqaüdə çıxa biləcəklər.
Günay Şahmar, Bizim.Media

































































































