Qanunvericiliyə İKT sistemi anlayışı gətirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunub.
Layihəyə əsasən, informasiya və kommunikasiya texnologiyaları sistemi (İKT sistemi) - proqram təminatı əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu hesab ediləcək.
Həmçinin, qanunvericiliyə aşağıdakı anlayışlar əlavə edilib:
Elektron verilənlər - faktların, məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı formada olan hər hansı təsviri, o cümlədən, İKT sisteminin müəyyən funksiya yerinə yetirilməsini təmin edən proqramdır;
Xidmət provayderi – göstərdiyi xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxsdir;
Trafik verilənləri – kommunikasiyanın mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü, müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan hər hansı elektron veriləndir;
Abunəçi məlumatları –trafik və ya məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət provayderində saxlanılan istənilən məlumatlardır;
Məzmun verilənləri – abunəçi məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər, mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti ilə əlaqəli hər hansı elektron verilənlərdir.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:02 / 29.01.2026
Qanunvericiliyə yeni anlayışlar əlavə olunur – SİYAHI
Hazırda oxunan: Qanunvericiliyə yeni anlayışlar əlavə olunur – SİYAHI
Hazırda oxunan: Qanunvericiliyə yeni anlayışlar əlavə olunur – SİYAHI
593321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































