Xəbər verildiyi kimi elektron siqaretlərlə bağlı qanunvericilikdə mühüm dəyişiklik edilib.
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni düzəlişlər bu məhsulların dövriyyəsini və istifadəsini qadağan etməklə yanaşı, anlayışların hüquqi baxımdan dəqiqləşdirilməsini nəzərdə tutur.
Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
MÖVZU İLƏ BAĞLI:
Elektron siqaret qadağası TƏSDİQLƏNDİ – Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK
Bu qanundan sonra istifadəçilər ənənəvi siqaretə daha çox yönələ bilərmi?
Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev bildirir ki, daha çox gəlir əldə etmək məqsədilə tütün və tütün məmulatlarından satışa buraxılan siqaret, sulu qəlyan və elektron siqaretlər insan həyatına qəsd edir:
“Elektron siqaretlər guya tütün məmulatlarının sağlamlığa vurduğu ziyanı kompensasiya etmək üçün istehsal olunub və bu yolla insanların sağlamlığını sığortalamaq istəyirmişlər. Halbuki məlum oldu ki, bu elektron siqaretlərin daha böyük fəsadları var. Bəzən hətta iri marketlərdə bunun reklamı ilə məşğul olur, müştərilərin hansı siqaretdən istifadə etdiyini soruşaraq başqa bir brend təklif edirlər”.
Bu kimi hallara qarşı aparılan monitorinqlərin vacibliyinə toxunan ekspertin sözlərinə görə, hazırda təkcə elektron siqaret deyil, kafe, restoran kimi ictimai iaşə obyektlərində hətta yeniyetmə gənclər də sulu qəlyandan istifadə edir:
“Uşaqların tütün məmulatlarından uzaq tutulmadığını və bunların ictimai məkanlarda istifadəsinin qanunazidd hallarını da görürük. Bunun üçün yaxşı olar ki, mütəmadi olaraq monitorinq keçirilsin.
Bu monitorinqlərin nəticəsi daxili işlər orqanları və mətbuatın iştirakı ilə mütləq ictimailəşdirilməlidir. Təəssüf ki, tütün məmulatlarının psixoloji sirayət gücü yüksəkdir. Ona görə, əsasən, dost əhatəsi siqaret vərdişinin yaranmasına təsir edir. Ona görə həm valideynlər, həm də məktəblər uşaqlar üzərində diqqətli olmalıdır.
Azərbaycanda siqaret çəkənlərin sayı, xüsusilə azyaşlılar və qadınlar arasında artıb. 5-10 il əvvəllə müqayisədə siqaret çəkən qadınların sayında da ciddi artım var”.
Fatimə Əliyeva, Bizim.Media































































































