Vətən müharibəsində iştirak edən kəşfiyyatçı şəhid Şaiq Teymurov öz şücaəti ilə seçilib.
Cəbhənin Füzuli istiqamətində kəşfiyyatçı qrupu ilə 31 ermənini məhv edib, 1 postu ələ keçirib. Digər bir tapşırığı isə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Bizim.Media bildirir ki, Şaiq 1992-ci il noyabrın 6-da İmişli rayonunun Aranlı kəndində dünyaya göz açıb. Hələ balaca ikən həmyaşıdlarından seçilən Şaiq vətənpərvərliyi ilə fərqlənib.
Şəhidin atası Vidadi Teymurov deyir ki, oğlu idmançı idi, əlbəyaxa döyüşləri üzrə nailiyyətləri var idi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ordu sıralarında qalmaq istəyirdi. Çünki onun idealı Mübariz İbrahimov idi. O, ordu sıralarına qoşulmaq üçün müraciət etdi. Nəhayət öz arzusuna çatdı və bir kəşfiyyatçı olaraq Vətənin keşiyində dayandı.
"Onun döyüş yolu Füzuli istiqamətində olub. Öz qrupu ilə birlikdə erməni səngərinə daxil olaraq, 31 ermənini məhv edib və postu ələ keçirib. Daha sonra ermənilərin yerləşdiyi ərazidə minaatan batareyanı məhv etmək üçün tapşırığı yerinə yetirərkən şəhid olub", - deyə Şaiqin atası bildirir.
Övladı haqqında qürurla danışan Elmira Teymurova isə deyir ki, oğlu ilə fəxr edir: "O, hər zaman Vətən sevgisi ilə yaşayırdı və torpaqların işğaldan azad edilməsi ən böyük arzusu idi. Ona deyirdim ki, ailə qurmaq vaxtındı, bu barədə düşün. Cavab verirdi ki, "torpaqlarımızı işğaldan azad edək, həmin rayonlardan birində toyumu edəcəyəm". Gördüyünüz bu bayraq övladımdan qalıb, onun nişanıdı, hər zaman göz bəbəyim kimi qoruyacağam".
Şaiq həm də idmançı idi. Bir çox nailiyyətlər əldə etmişdi. Onun idman müəllimi Babək Cəfərov tələbəsi haqqında danışarkən söyləyir ki, Şaiq hələ kiçik yaşlarından seçilib. "İdmana başlayanda 7 yaşı vardı, amma yaşının az olmasına baxmayaraq, böyük ürəyə sahib idi. Bütün tapşırıqları vaxtında və sözsüz yerinə yetirirdi. İdmanda bir çox nailiyyətlər qazanmışdı. Şaiq bir dəfə mənə dedi ki, gələcəkdə hərbçi olacağam. Belə də etdi, öz arzusunun ardınca getdi və ən uca məqama - şəhidlik zirvəsinə ucaldı", - deyə Şaiqin idman müəllimi vurğulayır.
Qeyd edək ki, şəhid Şaiq Teymurov sentyabrın 29-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. O, doğulub, boya-başa çatdığı Aranlı kəndində dəfn edilib. (Azərtac)
Bizim.Media