Qlobal maliyyə bazarlarında qiymətli metalların qiymətində nəzərəçarpacaq artımlar müşahidə olunur.
Belə ki, gümüş 3,6 faiz bahalaşaraq tarixdə ilk dəfə bir troya unsiya üçün 90 dollar həddini keçib. Gümüşün dəyəri ilin ilk iki həftəsində 25 faiz artıb. Bu qiymətli metalın qlobal bazar dəyəri də tarixdə ilk dəfə 5 trilyon dolları ötüb.
Qızıl isə Asiya bazarlarında 0,7 faiz bahalaşaraq 4 min 620 dollar səviyyəsini keçib və rekord göstəricidən cəmi 15 dollar geri qalır. Mis, platin və palladium qiymətlərində də artım qeydə alınıb.
Qlobal faktorlar
ABŞ-da açıqlanan və gözləntilərdən aşağı olan inflyasiya göstəriciləri 2026-cı ildə faiz dərəcələrinin daha da azaldılması ehtimalını gücləndirib, geosiyasi gərginliyin artması isə “təhlükəsiz liman” aktivlərinə tələbatı artırıb.
ABŞ Prezidenti Donald Trampın Venesuelada hərbi əməliyyatların aparılması barədə göstəriş verməsi, Qrenlandiya ilə bağlı yenidən gündəmə gətirdiyi tələblər, eləcə də İranda baş verən şiddətli etirazların rejim dəyişikliyinə səbəb ola bilmə ehtimalı təhlükəsiz aktivlərə marağı artırıb. Analitiklər tələbatı nəzərə alaraq növbəti üç ay üçün qızıl üzrə proqnozu 5000 dollar, gümüş üzrə proqnozu isə 100 dollar səviyyəsinə yüksəldiblər.
Gümüş ötən il təxminən 150 faizə yaxın bahalaşaraq artım tempinə görə qızılı geridə qoyub. ABŞ-ın gümüş idxalına rüsum tətbiq etmək ehtimalı var ki, bu da qiymətlərə və qlobal təklifə təsir göstərə bilər.
Xatırladaq ki, 2018-ci ildə polad və alüminiuma tətbiq edilən əlavə rüsumlar dünya miqyasında
ticarət gərginliklərinə yol açmışdı.
Gümüş hansı həddə qədər bahalaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gümüşün qiymətinin artması qızıla paraleldir:
“Artıq gümüşdən də yatırım aləti kimi istifadə olunur. Çünki turbulent bir dünyada yaşayırıq. Ona görə də kifayət qədər geosiyasi gərginliklər var. Bu gərginlik fonunda qızılın qiyməti sürətlə artır. Qızılın qiymətinin artması gümüşə də dəyər qazandırır. Yəni gümüşün qiymətinin artmasının ümumi iqtisadi proseslərə təsiri o qədər də böyük deyil. Amma yatırım aləti kimi gümüşün qiyməti artır”.
Surxay Atakişiyev, Bizim.Media
































































































