Keçmiş baş nazir yeni HƏDƏF ROLUNDA – Zelenski seçkiöncəsi rəqiblərini necə ZƏRƏRSİZLƏŞDİRİR?

Keçmiş baş nazir yeni HƏDƏF ROLUNDA – Zelenski seçkiöncəsi rəqiblərini necə ZƏRƏRSİZLƏŞDİRİR?

Hazırda oxunan: Keçmiş baş nazir yeni HƏDƏF ROLUNDA – Zelenski seçkiöncəsi rəqiblərini necə ZƏRƏRSİZLƏŞDİRİR?

590946

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yuliya Timoşenkonun Batkivşina Partiyasının ofisində axtarışlar aparıb.

Ali Radanın deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, Timoşenko parlament üzvlərinin pul müqabilində öz fraksiyasına qoşulması üçün çalışıb.

İttihamları rədd edən Timoşenko isə bildirib ki, onun iş telefonları, parlament sənədləri və şəxsi əmanətləri müsadirə edilib və bu əmanətlər barədə məlumatlar rəsmi bəyannamədə tam əks olunub.

Qeyd edək ki, keçmiş baş nazir Yuliya Timoşenko Volodimir Zelenski hakimiyyətinə əsas rəqiblərdən biri sayılır.

Bu fonda Timoşenkonun ofisində axtarışların aparılmasını bir çox ekspertlər  Zelenskinin seçkiöncəsi rəqiblərini sıradan çıxarmaq cəhdi kimi qiymətləndirirlər.

“Bu daha geniş korrupsiya araşdırmasının davamıdır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, bu, Ukraynada korrupsiya ilə mübarizənin gücləndirilməsi siyasətinin bir hissəsi olaraq, həm hakimiyyətə yaxın, həm də müxalifət düşərgədəki fiqurlara qarşı yönələn sistemli tədbirlər silsiləsinin davamıdır:

“Ukrayna siyasətində son hadisələr, xüsusilə yanvarın 13-də keçirilən axtarışlar, ölkənin daxili dinamikasını və müharibə şəraitindəki siyasi rəqabəti yenidən gündəmə gətirib. Milli Korrupsiya ilə Mübarizə Bürosu (NABU) və Xüsusi Korrupsiya Prokurorluğu (SAPO) tərəfindən Batkivşçına partiyasının ofisində aparılmış axtarışlar nəticəsində partiyanın rəhbəri, keçmiş baş nazir Yuliya Timoşenko rüşvət verməkdə ittiham olunub.

İddialara görə, Timoşenko parlament üzvlərinə səsvermələrə təsir göstərmək məqsədilə qanunsuz üstünlüklər təklif edib – bu, dekabr ayında “Xalqın Xidmətçiləri” partiyasından bir neçə deputatın oxşar ittihamlarla üzləşdiyi daha geniş korrupsiya araşdırmasının davamı kimi təqdim olunur”.

Timoşenkoya qarşı ilk ittiham deyil...

Ekspert qeyd edib ki, olayı seçki spekulyasiyası kimi xarakterizə edən Timoşenko onu siyasi rəqiblərə qarşı təzyiq mexanizmi adlandırıb:

“Timoşenko ittihamları qətiyyətlə rədd edərək, axtarışları “siyasi sifariş” və “rəqiblərin təmizlənməsi” cəhdi kimi qiymətləndirib. O, hadisəni “böyük PR aksiyası” adlandıraraq, heç bir sübut tapılmadığını, lakin iş telefonlarının, parlament sənədlərinin və şəxsi vəsaitlərinin müsadirə olunduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu addımlar seçki spekulyasiyaları ilə əlaqədardır və rəqiblərə qarşı təzyiq mexanizmi kimi istifadə olunur”.

Politoloq bildirib ki, Ukraynanın hazırkı vəziyyətində – hərbi vəziyyət rejimi davam etdiyi, seçkilər təxirə salındığı və ölkənin beynəlxalq təzyiqlərlə (xüsusilə ABŞ-dan gələn) üzləşdiyi şəraitdə – belə hadisələr tez-tez siyasi motivlərlə əlaqələndirilir:

“Timoşenko kimi təcrübəli siyasətçi, əvvəlki dövrlərdə də oxşar ittihamlarla qarşılaşıb və bu, onun potensial rəqabət qabiliyyətini zəiflətmək cəhdi kimi şərh olunur. Eyni zamanda, korrupsiya iddiaları həm daxili, həm də xarici auditoriya qarşısında legitimlik məsələsini aktuallaşdırır”.

Müsahibimizin fikrincə, bu hadisə Ukrayna siyasətindəki ikili təbiəti əks etdirir:

“Bir tərəfdən korrupsiya ilə mübarizənin zəruriliyi, digər tərəfdən isə müharibə şəraitində siyasi məkanın məhdudlaşması və rəqabətin məhdudlaşdırılması riskləri... Timoşenko və digər müxalif fiqurların vəziyyəti, ölkənin gələcək seçki mərhələsinə keçidində hansı balansın qorunacağı sualını yenidən qaldırır – bu, həm daxili sabitlik, həm də demokratik prinsiplər baxımından vacib məsələ olaraq qalır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO