Azərbaycan dövləti su təhlükəsizliyinin təmin edilməsi və strateji su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində ardıcıl layihələr icra edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mövcud su mənbələrinin bərpası və müasir hidrotexniki qurğuların inşası bu siyasətin əsas prioritetlərindəndir. Bu çərçivədə “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarları yenidən qurulur.
Bizim.Media xəbər verir ki, respublikanın digər bölgələrində isə su itkilərinin azaldılması məqsədilə magistral kanalların beton üzlüklərə alınması və yeni su anbarlarının tikintisi sürətlə davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər aqrar sahənin dayanıqlı su təminatına, eləcə də iqlim dəyişiklikləri fonunda içməli su ehtiyatlarının qorunmasına xidmət edir. Eyni zamanda, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi prosesində su anbarları mühüm infrastruktur rolunu oynayır.
Füzuli rayonu ərazisində Köndələnçay üzərində kaskad üsulu ilə inşa edilmiş “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarları mövcuddur. Bu obyektlər 1951–1982-ci illərdə istismara verilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Atakişi Babayev Bizim.Media-nın yerli bürosuna bildirib ki, “Köndələnçay” su anbarlarının ümumi su tutumu 15,5 milyon kubmetrdir.
Onlardan ən böyüyü 9,5 milyon kubmetr tutuma malik “Aşağı Köndələnçay” su anbarıdır.
Onun sözlərinə görə, işğal dövründə su anbarlarının bütün əsas hidrotexniki qurğuları yararsız hala salınıb. Torpaqlar işğaldan azad edildikdən sonra ərazilərdə minatəmizləmə aparılıb, bərpa və yenidənqurma işləri həyata keçirilib. 2024-cü ilin mayında işlər başa çatdıqdan sonra obyektlərin açılışı Prezident İlham Əliyevin iştirakı ilə olub.
Bərpa edilmiş su anbarları vasitəsilə işğaldan azad edilmiş ərazilərdə 6 300 hektar əkin sahəsinin suvarılması mümkündür. Hazırda isə “Aşağı Köndələnçay” su anbarı hesabına Köndələnçay boyunca yerləşən kəndlərdə 1 000 hektardan artıq ərazi su ilə təmin edilir.
Qeyd edək ki, “Aşağı Köndələnçay” su anbarı Zəfər yolunun kənarında yerləşir. Anbarın yol tərəfi sahil hissəsində istirahət zonası yaradılıb, burada yaşıllıq zolağı salınıb və oturacaqlar quraşdırılıb.
Beləliklə, qlobal iqlim dəyişiklikləri fonunda “Köndələnçay” su anbarlarının bərpası Azərbaycanın milli su təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır və azad edilmiş ərazilərdə ekoloji dayanıqlığın təmin olunmasına töhfə verir.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:58 / 15.01.2026
Bu su anbarları yenidən qurulur - FOTO
Hazırda oxunan: Bu su anbarları yenidən qurulur - FOTO
Hazırda oxunan: Bu su anbarları yenidən qurulur - FOTO
590933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































