Gəncə

Gəncə "Mətbuat Evini" zəbt edən məmur kimdir? – FOTOFAKT

Hazırda oxunan: Gəncə "Mətbuat Evini" zəbt edən məmur kimdir? – FOTOFAKT

59046

PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun adı ətrafında gedən qalmaqallar səngimək bilmir.

Bizim.Media xəbər verir ki, 2015-ci ildə istifadəyə verilən Gəncə Mətbuat Evi ilə bağlı yeni detallar üzə çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan” nəşriyyatının ağası-bəyi - Çap xarabalığının PƏRDƏARXASI


Belə ki, əldə etdiyimiz məlumata görə, hal-hazırda sözügedən bina təyinatına uyğun olmayan şəkildə istifadə olunur.

Əvvəlcə bina barədə... 

Tikintisinə 2011-ci ildən başlanan “Azərmətbuatyayımı” ASC-nin Gəncə Mətbuat Evi 2015-ci ildə istifadəyə verilib. 

Açılış mərasimində PA-nın İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdir müavini Ərəstun Mehdiyev, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli və ölkənin bir sıra aparıcı mətbu orqanlarının rəhbərləri iştirak edib.

Mərasimdə bildirilib ki, binada media nümayəndələrinin fəaliyyəti, hətta gecələmələri üçün lazımi şərait yaradılıb. 

Lakin...

Sonradan Gəncə Mətbuat Evinin fəaliyyəti ilə bağlı hər hansı məlumata nə ölkə mediasında, nə də sosial şəbəkələrdə rast gəlmək mümkün olmayıb. 

Araşdırmalarımız nəticəsində, binanın sonrakı dövrdə təyinatı üzrə deyil, Kaspi Təhsil Mərkəzinin binası kimi istifadə olunduğu aşkara çıxıb. Binanın naməlum şəkildə  2017-ci ildən sonra Kaspi TM-ə çevrildiyi bildirilir.

Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi Sona Vəliyevaya (Əli Həsənovun həyat yoldaşı) məxsusdur.

“Gəncə Mətbuat Evi”nin taleyi media mənsublarını da narahat etməkdədir. Məsələ ilə bağlı mətbuata açıqlama verən jurnalist Marif Rzayev binanın “transformasiya”sı ilə bağlı bu fikirləri səsləndirib:

“Gəncədə “Park Bulvar” deyilən ərazidə Kaspi Təhsil Mərkəzinin filialı açılıb. Vaxtilə “Park Bulvar” salınarkən bizə informasiya verildi ki, bu bina mətbuat işçiləri üçün nəzərdə tutulub. Bir müddət burada tikinti getdi.

Tikinti bitdikdən bir müddət sonra bəlli oldu ki, bina “Kaspi”yə, Əli Həsənovun ixtiyarına verilib.

Mətbuat Şurasından xahiş etdik, müraciətlərimiz oldu ki, bu bina nəyə görə “Kaspi”yə verilməlidir. Lakin bütün müraciətlərimizə baxmayaraq, Əli Həsənov bu binanı qəsb etdi”. 

Əldə etdiyimiz görüntülərdən də, aydın olur ki, hal-hazırda “Kaspi Təhsil Mərkəzi” kimi istifadə olunan bina məhz 2015-ci ildə açılışı edilən tikilidir.
 

Qeyd edək ki, dövlət büdcəsi hesabına tikilən binanın hansı şəraitdə özəl təhsil mərkəzinə çevrilməsi məlum olmasa da, bu prosesdə ciddi qanun pozuntularının olduğuna şübhə yeri qalmayıb.


Xatırladaq ki, Əli Həsənovun adı son olaraq KİVDF-nin sabiq direktoru Vüqar Səfərlinin məhkəmə işində hallanıb. Belə ki, Əli Həsənovun, oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın məhkəmədə şahid qismində dindirilməsi tələb olunub.

Murad Əhmədov, Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO