Payız-qış mövsümündə qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində avtomobillərin təkərlərinin mövsümə uyğun olmaması başlıca yer tutur. Qarlı, yağışlı havalarda su, qar və ya buzla örtülmüş yollarda avtomobil idarə etmək çətin və təhlükəlidir. Lakin burada sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkərlərinin fəslə uyğun olub-olmaması, habelə şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğu həlledici rol oynayır.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında qeyd olunub.
Bildirilib ki, qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 millimetr, yük avtomobillərində 1 millimetr, avtobuslarda 2 millimetr, motosiklet və mopedlərdə 0,8 millimetrdən az olduqda, eləcə də şinlərdə kord çılpaqlaşdıqda, karkas təbəqələrə ayrıldıqda, protektor və şinlərdə yan rejimin qopması kimi yerli zədələr olduqda, nəqliyyat vasitəsinin istismarına yol verməməli, nasazlıq aradan qaldırılmalıdır.
“Mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir”, - deyə məlumatda vurğulanıb.
Bizim.Media

































































































