Lənkəran rayonunda iki mərtəbəli fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında rayonun Cil kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Elvin Nuriyevə məxsus, ümumi sahəsi 480 kvadratmetr olan, 2 mərtəbəli, 6 otaq və 1 aynabənddən ibarət fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin 3 texnikası və 16 nəfər şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb, yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Məlumata görə, evdə yaşayan ailənin 3 azyaşlı övladı var. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Yanğınla əlaqədar olaraq Cil və Şağlaser kəndlərində elektrik enerjisinin verilişində təxminən iki saatlıq fasilə yaranıb. Faktla bağlı araşdırma davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu

































































































