2025-ci ilin oktyabr ayının 25-də ölkədə yaranmış epziootik vəziyyətlə bağlanmış mal bazarları artıq 2026-cı ilin 11 yanvarından etibarən öz fəalityyətini bərpa edib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hazırda çəkiliş apardığımız Göyçay rayon mal bazarında bunun əyani şahidi olduq. Belə ki, burada Göyçayla yanaşı yaxın rayonlardan olan fermerlər öz mal-qarasını bazara çıxarmaqla satışını həyata keçirirlər.
Qeyd edək ki, bazarda iribuynuzlu mallarda bahalaşma müşahidə olunsa da xırdabuynuzlu heyvanlarda qiymətlər elə stabil olaraq qalır.
Fermer Tural Hüseynov yerli büromuza bildirib ki, iribuynuzlu heyvanlarda əvvəlki aylara nisbətən 35-40 faiz qiymət artımı müşahidə olunur ki, bu da otun yemin qiymətinin artması ilə əlaqədardır.
Digər fermer Ceyhun Hüseynov isə deyir ki, xırdabuynuzlu heyvanların qiyməti heç qalxmayıb, olduğu kimi qalıb, hətta bəzi satıcılar iki aydan artıqdır ki, satış olmadığına görə əvvəlkindən də ucuz verməli olurlar.
Alıcılar Cümşüd Fərzəliyev və İdris Həşimov bildirir ki, bazar yeni açıldığı üçün hələki qiymətlərlə maraqlanırıq, cibimizə uyğun heyvan almağa çalışacağıq.
Amma istər alıcılar, istərsə də satıcılar bazarda yaradılmış şəraitdən çox razı qaldıqlarını bildirdilər.
Göyçay mal bazarının direktoru Əliağa Həsənzadə yerli büromuza bildirib ki, bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün rampalar və çardaqlar quraşdırılıb, kanalizasiya sistemləri yenilənib, baytar həkimin daimi nəzarətini həyata keçirməsi üçün xüsusi məntəqə inşa edilib. Eyni zamanda, baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar yaradılıb.
Bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri müasir tələblərə uyğun şəkildə yenidən qurulub.
Qeyd edək ki, Göyçayla yanaşı Şamaxı rayonunda da yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.
Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.
Xatırladaq ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.
Agentlikdən yerli büromuza bildirilib ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir:
“Yaxın günlərdə daha bir neçə bazarın açılması məsələsinə baxılacaq”










Bizim.Media,Aran bürosu





























































































