Bildiyiniz kimi, bu gün “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsullarının müəyyən partiyaları dövriyyədən geri çağırılıb. Belə ki, ehtiyat tədbiri xarakterli geriçağırma qərarı “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsullara şamil edilib.
Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır. AQTA məlumat yayaraq bildirib ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib.
MÖVZU İLƏ BAĞLI:
“Doğum evlərində körpələrdə süni qidalardan asılılıq yaradırlar” – SENSASİON İDDİA
Bununla belə, Azərbaycanda da aptek və marketlərdə bu kimi süni körpə qidalarının satışı həyata keçirilir və bu gün valideynlərin çoxu övladını məhz bu qidalarla böyüdür.
Maraqlıdır, ümumiyyətlə süni qidaların hansı mənfi təsirləri var?
Bizim.Media-ya açıqlamasında pediatr Vaqif Qarayev bildirib ki, süni qarışım alan uşaqların mədə-bağırsağında problemlər yaranır:
“Uşaqlara süni qarışıq vermək düzgün deyil. Biz illərdir, bunu deyirik. Bəzi doğum evlərində uşaq dünyaya gələn kimi anada süd olsa da, olmasa da süni qarışım verilir. Bu, qəti şəkildə yolverilməzdir. Özəl doğum evlərində əksər pediatrlar xaricdə təhsil almış gənc həkimlərimizdir.
Onlar müasir prtokollara uyğun yenidoğulmuşa süni qida təklif etmirlər. Ancaq bu qayda kütləvi və sistemli şəkildə deyil. Əgər anada süd varsa, süni qida niyə verilsin? Südü smeslə qarışdırıb vermək də doğru deyil.
Bütün süni qarışım alan uşaqların hamısının mədə-bağırsağında problem var. Ya da əksəriyyətində allergik reaksiyalar var.
Bütün süni qarışımların qablaşdırılmalarında o qədər tərif dolu mətn yazırlar ki, adam düşünür ki, ana südü bunun yanında heç nədir. Amma təriflər yalandır, çünki bu süni qidadır”.
Naibə Məmmədova, Bizim.Media






























































































