Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Zindanmuruq kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbulda kənd sakinləri ilə yanaşı, RİH başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bir sıra idarə, müəssisələrin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı sakinlər kənddə elektrik enerjisinin zəif olduğunu bildirərək, bu problemin aradan qaldırılması, həmçinin torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı hər bir müraciəti diqqətlə dinləyərək, sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını verib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.



























































































