Təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydaları təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydalar təsdiqlənib.
Yeni qərara əsasən, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.
Həmçinin Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur.
Qəbul edilən dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir.
Bizim.Media





























































































