Astara Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qurban Qurbanzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs 2025-ci il ildə Astara şəhəri ərazisində yerləşən evində qardaşı oğlu, 2015-ci il təvəllüdlü zərərçəkmiş Maqsud Qurbanzadə (adı, soyadı şərtidir) münasibətlər zəminində mübahisə edib.
Yaranmış mübahisə zamanı Qurban əlində olan fincanı qəsdən zərərçəkmiş şəxsə atıb. Nəticədə fincanın sınması ilə Maqsuda sol bazu oynağı nahiyəsində əzilmiş yara, sol almacıq nahiyəsində sıyrıq və qançır xəsarətləri yetirilib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.
Məhkəmə iclasında cinayət əməli tam sübuta yetirilib. Təqsirləndirilən şəxs ifadəsində hadisəni təsdiqləyərək bildirib ki, qardaşı ilə aralarında yaranmış mübahisə zamanı əlindəki fincanı atarkən fincan divara dəyərək sınmış və qardaşı oğlu xəsarət alıb. O, əməlindən peşman olduğunu bildirib.
Qurban Qurbanzadə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını və cinayət təqibinə xitam verilməsini xahiş edərək məhkəməyə müvafiq ərizə təqdim edib.
Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Maqsud ifadəsində göstərib ki, hadisə günü əmisi spirtli içki qəbul etmiş vəziyyətdə onların evinə gəlib. Bir müddət sonra Qurban ondan siqaret almaq üçün marketə getməsini xahiş edib. Zərərçəkmiş şəxs yaşının az olduğunu əsas gətirərək bu təklifdən imtina etdikdə, əmisi qəzəblənərək əlində olan fincanı onun üzərinə atıb. Fincan qapıya dəyərək sınıb və şüşə qırıqları onun sol çiyninə və sifətinin sol nahiyəsinə dəyib.
Zərərçəkmiş şəxs deyib ki, hazırda əmisi ilə barışıb və ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də tərəflər arasında barışığın əldə edildiyini təsdiqləyərək Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələblərinin olmadığını bəyan edib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törədən Qurban Qurbanzadə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib. (Pravda.az)
Bizim.Media































































































