Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır?

Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır?

Hazırda oxunan: Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır?

589601

Son günlər ölkə ərazisində soyuq hava şəraiti müşahidə olunur. Bu cür hava şəraitində avtomobillərin sürüşməsi də yol hərəkətində ən ciddi risklərdən birinə çevrilir. Temperaturun sıfır dərəcəyə yaxınlaşması ilə yollarda buzlanma yaranır, bu da təkərlərin yol səthi ilə təmasını zəiflədir və qəza ehtimalını artırır. Xüsusilə sürücülərin sürət həddinə riayət etməməsi, yay təkərlərindən istifadə və qəfil manevrlər sürüşmə hallarının daha da artmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, mövzuya avtomobil təmiri mütəxəssisi Razil Nağıyev münasibət bildirib.

O, trend.az-a açıqlamasında qeyd edib ki, əslində qışa hazırlıq işlərinə qar yağmağa başladıqdan sonra deyil, hava temperaturu sabit şəkildə aşağı düşməzdən əvvəl başlanmalıdır.

Onun sözlərinə görə, texniki baxımdan optimal dövr oktyabr ayının ikinci yarısı və noyabr ayının əvvəli hesab olunur. Bu dövrdə görülən tədbirlər avtomobilin qış şəraitində təhlükəsiz və stabil istismarını təmin edir.

“Qış mövsümünə hazırlığın ən vacib mərhələsi qış təkərlərinə keçiddir. Hava temperaturu +7°C-dən aşağı düşdükdə yay təkərləri elastikliyini itirir və yol tutumu kəskin azalır. Qış təkərləri isə yumşaq rezin tərkibi və xüsusi protektor quruluşu sayəsində qar və buz üzərində daha yaxşı tutum yaradır və əyləc məsafəsini əhəmiyyətli dərəcədə azaldır”.

O vurğulayıb ki, bununla yanaşı, soyuducu sistemdə istifadə olunan antifrizin vəziyyəti mütləq yoxlanılmalıdır:

“Antifriz dərəcəsi minimum -30°C səviyyəsində olmalıdır. Sistemə su qatılması və ya uyğun olmayan mayenin istifadəsi şaxtalı havada radiatorun və mühərrikin ciddi zədələnməsinə səbəb ola bilər. Soyuq hava akkumulyatorun iş qabiliyyətinə də birbaşa təsir göstərir. Qış aylarında akkumulyatorun gücü təxminən 30–40% azalır. Bu səbəbdən köhnə və zəif akkumulyatorlar səhər saatlarında avtomobilin işə düşməməsinə və sürücünün yolda qalmasına gətirib çıxara bilər”.

Mütəxəssis qeyd edib ki, qış mövsümündə mühərrik yağının seçimi də xüsusi əhəmiyyət daşıyır. Daha axıcı və aşağı temperaturda öz xüsusiyyətlərini saxlayan yağların istifadəsi mühərrikin soyuq start zamanı rahat işləməsini təmin edir və daxili aşınmanı azaldır.

“Eyni zamanda, şüşəsilən və şüşə yuma sistemi qış rejiminə uyğunlaşdırılmalıdır. Yay üçün nəzərdə tutulmuş şüşə yuma mayesi şaxtalı havada donar və görmə məsafəsini ciddi şəkildə azaldar. Silecek rezinlərinin vəziyyəti də yoxlanmalı, sərtləşmiş və aşınmış rezinlər vaxtında dəyişdirilməlidir”,- deyə o əlavə edib.
 

Nəqliyyat eksperti Fərhad Eyyubov isə Trend-ə açıqlamasında vurğulayıb ki, Azərbaycanda qış fəsli digər ölkələrlə müqayisədə qısa çəkir. Bu səbəbdən yolların hava şəraitinə görə pisləşə biləcəyini çox vaxt nəzərə almır və şəxsi avtomobillərimizi qış mövsümünə lazımi səviyyədə hazırlamırıq.

 

Növbəti amil avtomobilin konstruktiv xüsusiyyətləri ilə bağlıdır. Təkərlə yol səthi arasındakı ilişmə əmsalı normativlərə uyğun olmalıdır. Təəssüf ki, Azərbaycanda avtomobillərin təxminən 40%-i 10 ildən, 30%-i isə 20 ildən artıq istismar olunan şəxsi nəqliyyat vasitələridir. Uzun müddət istifadə olunan avtomobillərin konstruktiv elementləri zəifləyir, texniki resursları azalır. Bununla yanaşı, avtomobil yollarında da sürüşməyə qarşı müvafiq hazırlıq işləri aparılmalıdır”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO