Nəsimi rayon sakininin yatdığı vaxt qətlə yetirildikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə ittiham aktını elan edib.
Təqsirləndirilənlərdən Fazil Feyzullayev özünü qismən, Ülvi Abasov isə özünü təqsirli bilməyib. Növbəti məhkəmə iclası fevralın 4-nə təyin olunub.
Araşdırmalarla müəyyən edilib ki, avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasov qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən başına çəkiclə zərbələr endirməklə qətlə yetiriblər. Daha sonra onlar otaqda axtarış apararaq mərhuma məxsus 300 ABŞ dollarını ələ keçirərək mənimsəyiblər.
Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq sellofan paketlərə yığıb və Ağsu rayonuna gedərək müxtəlif yerlərə atmaqda əsaslı şəkildə şübhəli bilinir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi üzrə istintaq aparılır.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media































































































