Azərbaycan xalqının müasir tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 44 günlük Vətən müharibəsi lider-ordu-xalq birliyini, xalqımızın mübarizə ruhunu bütün dünyaya nümayiş etdirib.
Bu mübarizədə tarixi qələbənin əldə olunmasında Azərbaycan Ordusunun igid əsgər və zabitləri, şəhidlərimiz və qazilərimiz misilsiz şücaət göstəriblər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış igid Vətən oğulları – şəhid Rail Arif oğlu Ramazanovun və şəhid Sarvan Əliməhəmməd oğlu Şahbazovun anım mərasimləri keçirilib.
Rayonun Hil və Gündüzqala kəndlərində şəhidlərin məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidlərin ailə üzvləri ilə əlaqə saxlayaraq, başsağlığı verib, onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid MAXE Ramazanov Rail Arif oğlu 15 aprel 1997-ci ildə Qusar rayonunun Hil kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Rail Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olub. Yanvarın 7-də doğulub boya-başa çatdığı Hil kəndində dəfn olunub.
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid MAXE Şahbazov Sarvan Əliməhəmməd oğlu 14 iyul 1993-cü ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olmuş Sarvan Şahbazov 44 günlük Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sarvan Şahbazov 1 noyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 yanvar 2021-ci ildə Qusar rayonunun Gündüzqala kəndində dəfn olunub.
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































