Xəbər verildiyi kimi bölgələrdəki TƏBİB tabeli tibb müəssisələrində fəaliyyət göstərən stomatoloqlar ixtisarlara etiraz edərək TƏBİB-in inzibati binasının qarşısına toplaşıblar.
Təxminən yüzə yaxın həkim müxtəlif rayon və kəndlərdən gələrək bu qərara etiraz ediblər. Onlar bölgələrdə həkim, xüsusilə, stomatoloqların çatışmazlığını qeyd edərək verilən qərarın ədalətsiz olduğunu vurğulayıblar.
Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqların etirazına münasibət bildirib:
“Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb:
“Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib.
Məlumatda vurğulanıb ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub:
“Araşdırmalar göstərmişdir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb”.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir:
“Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.
Günay Şahmar, Bizim.Media































































































