Ölkəmizdə həssas əhali qruplarından olan vətəndaşlarla bağlı icra olunan mühüm sosial proqramlardan biri də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib:
“Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur”.
"Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında bu proqram möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5 dəfə genişləndirilib. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 mindən çox mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim edilib.
Müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn dəstək tədbirlərindən biri də onların minik avtomobilləri ilə təmin edilməsidir. Bu kateqoriyadan olan vətəndaşlara ötən dövrdə 7700, o cümlədən postmüharibə dövründə 567 avtomobil verilib və növbədə olanların avtomobillə təminatı başa çatıb", nazirlikdən bildirilib.

Bizim.Media

































































































