Xəbər verdiyimiz kimi, yanvarın 4-də Salyan Rayon Mərkəzi Xəstəxanasında 11 yaşlı uşaq vəfat edib. Xəstəxananın məlumatına görə, tibb müəssisəsinə gətirilən azyaşlıya dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə zəruri tibbi xidmətlər göstərilib. Lakin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 5 yanvar saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.
Xəstənin anası mətbuata açıqlamasında uşağın halı pisləşdiyi, başı gicəlləndiyi üçün təcili tibbi yardıma müraciət etdiklərini deyib. Onun sözlərinə görə, xəstəxanada ona oğlunun şəkərinin qalxdığını deyiblər və bir neçə iynə vurublar. Bundan sonra da uşaq şoka düşərək vəfat edib.
Bu, xəstəxanalarda qeydə alınan ilk ölüm hadisəsi deyil. Təəssüf ki, belə hallar baş verir. Hər dəfə də insanlarda ölümü yaradan səbəb maraq doğurur. Elə indiki ölüm hadisəsində qeyd edilən hipotoniya kimi.
Hipotoniya nədir? Nə vaxt ölümə səbəb olacaq həddə çatır?
Yaranan sualllarla bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyib ki, hipotoniya arterial qan təzyiqinin aşağı olmasıdır:
“Bu da öz-özünə baş vermir. Tutaq ki, şəxs hansısa dərmanın yeridilməsindən şoka düşübsə, təzyiq də mütləq aşağı düşür. Yəni dərmanın verdiyi reaksiyanın təsirindən təzyiq aşağı düşür”.
Salyan xəstəxanasındakı ölüm faktına gəlincə həkim bunları qeyd edib:
“İnyeksiya ümumi ifadə, ümumi anlayışdır. İynə vurulub və ölüb. Nə dərmanı, nə iynəsi vurulub bilinmir”.
Günay Şahmar, Bizim.Media



































































































