Siqaret çəkənləri cərimələmək əvəzinə, bu vərdişi tərgidənləri mükafatlandırmaq nə dərəcədə ağlabatandır? Avropa qatı tütün həvəskarlarını bu pis vərdişdən yayındırmaq üçün müxtəlif üsullara əl atır. Tütünlə mübarizədə yeni və fərqli yanaşmalar gündəmə gəlir.
Cəza yoxsa motivasiya? Qadağa yoxsa təşviq?
Mütəxəssislər hesab edirlər ki, davranış dəyişikliyində mükafatlandırma modeli, cərimə tətbiq etməkdən daha effektiv ola bilər.
Bəs bu təklif Azərbaycanda nə dərəcədə realdır və yaxın zamanda rəsmi müzakirələrə çıxarıla bilərmi?
Millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirdi ki, siqaretlə mübarizə bütün sivil dövlətlərin prioritet məsələlərindən olduğu üçün hər dövlət bu istiqamətdə özünəməxsus addımlar atır. Bunların içərisində maraqlı təşəbbüslər, motivasiyalar da var:
“Hazırda dünyada siqaretin qadağası və cərimələrin tətbiq edilməsi müzakirələri gündəmdən düşmür. Tütün məhsullarının insan orqanizminə verdiyi ziyan dövlətləri ciddi şəkildə narahat edir. Azərbaycan da tütünlə mübarizə aparan ölkələr sırasındadır. Hələlik məhdudiyyət yalnız qapalı məkanlara və insanların sıx toplaşdığı yerlərə qoyulub. Siqaretin tərgidilməsi üçün atılan bütün addımlar təqdirəlayiqdir. Amma bu ilk növbədə insanın özündən asılıdır: vətəndaşlar dərk etməlidirlər ki, tütün məhsulları onların sağlamlığına ziyandır”.
Deputat diqqətə çatdırdı ki, hazırda siqareti tərgidənlərlə bağlı mükafatlandırma məsələsi Azərbaycanda müzakirə olunmur və belə bir məsələ Milli Məclisin gündəliyində də yoxdur. Lakin gələcəkdə nəzərdən keçirilməsi mümkündür.
Şəfiqə Şəfa, Bizim.Media




































































































