2024-cü ilin noyabrında əri, Qazaxıstanın sabiq iqtisadiyyat naziri tərəfindən qətlə yetirilən Səltənət Nukenovanın qardaşı Ayıtbek Amangeldi Yeni il bayramı zamanı Azərbaycanda – Şahdağ dağ-xizək kurortunda yıxılaraq xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, şəxsi Instagram hesabında yazıb.
Ayıtbek Amangeldinin sözlərinə görə, Yeni il ərəfəsində dostları ilə birlikdə Almaniya, Türkiyə və Qazaxıstandan Bakıya gəliblər. Məqsəd sevdikləri Zlata adlı yaxınlarını dəstəkləmək, ona ailə istiliyini və mənəvi dayaq hissini yaşatmaq olub. Bunun müqabilində Zlata onlar üçün Bakı və Şahdağda maraqlı proqram təşkil edib.
Amangeldi bildirib ki, Şahdağ yüksək səviyyəli xizək trasları olan kurortdur. O, daha əvvəl Şımbulakda, Borovoyda və digər xizək mərkəzlərində olsa da, adətən tamaşaçı kimi vaxt keçirib. Bu dəfə isə özünü sınamağa qərar verib.
“Bir qədər həddindən artıq özümə güvəndim və traslardan birində yıxıldım. Nəticədə ayağım iki yerdən sındı. Sürətlə enirdim, dayana bilmədim və aşaraq yerə sərildim. Kəskin ağrı hiss etdim, gözümü açanda xizəklər və çubuqlar ətrafıma səpələnmişdi. Bir dəqiqə keçməmiş iki xizək-xilasedici yanıma çatdı”, – deyə o yazıb.
Onun sözlərinə görə, əvvəlcə bunun sadə bir zədə olduğunu düşünüb və xizəklə enişi davam etdirmək istəyib. Lakin xilasedicilər onu razı salaraq travmatoloji məntəqəyə aparıblar. Rentgen müayinəsindən sonra yaxınlıqdakı xəstəxanaya göndərilib və həkimlər əməliyyatın vacib olduğunu bildiriblər.
Hazırda vəziyyətinin nisbətən yaxşı olduğunu deyən Amangeldi bir neçə günə Astanaya qayıdacağını və əməliyyatın orada aparılacağını qeyd edib.
Xatırladaq ki, 2023-cü il noyabrın 9-na keçən gecə Astanada 31 yaşlı Səltənət Nukenova amansızcasına qətlə yetirilib. Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri, ölkənin birinci prezidenti Nursultan Nazarbayevin sabiq müşaviri, 44 yaşlı Kuandık Bişimbayev spirtli içki təsiri altında restoranın VIP zonasındaykən həyat yoldaşını döyərək öldürüb. Daha sonra cəsədi iki yorğana bükərək guya yatmış kimi göstərib və qardaşına müşahidə kameralarının görüntülərini silməyi tapşırıb. Məhkəmədə isə Nukenovanın guya özünü yerə və unitaza vurduğunu iddia edib. Yalnız məhkəmə prosesi zamanı məlum olub ki, Bişimbayev təxminən bir il ərzində həyat yoldaşını sistemli şəkildə döyürmüş.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:16 / 06.01.2026
Sabiq nazirin qaynı Şahdağda xizəkdən yıxılaraq xəsarət aldı – TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Sabiq nazirin qaynı Şahdağda xizəkdən yıxılaraq xəsarət aldı – TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Sabiq nazirin qaynı Şahdağda xizəkdən yıxılaraq xəsarət aldı – TƏFƏRRÜAT - FOTO
589312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































