Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işinin bəzi detalları məlum olub.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs 3 may 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, valideynləri ilə birgə yaşadığı birotaqlı evdə qəsdən adam öldürmə cinayətini törədib.
Belə ki, hadisə səhər saat 10 radələrində baş verib. Murad Əmirovun evdə yatdığı vaxt atası, zərərçəkmiş Nizami Əmirov otaqda öskürüb var-gəl etməklə səs salıb və bu hal onun yuxudan oyanmasına səbəb olub. Bununla əlaqədar ata və oğul arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs atasına qarşı aqressiv davranaraq nalayiq ifadələr işlədib. Oğlunun bu davranışından narazı qalan zərərçəkmiş şəxs evin ona məxsus olduğunu bildirib və istədiyi kimi hərəkət edəcəyini deyib.
Mübahisə dərinləşdikdən sonra hadisəyə müdaxilə edən ana da Muradın aqressiyasına məruz qalıb. Belə ki, təqsirləndirilən şəxs anasına fiziki zor tətbiq edərək onu itələyib və nalayiq ifadələr işlədib. Bu hal atasının daha da əsəbiləşməsinə səbəb olub. Nizami Əmirov həyətə çıxaraq orada olan küt metal əşyanı götürüb və təqsirləndirilən şəxsə bir neçə zərbə endirib, nəticədə ona yüngül dərəcəli bədən xəsarətləri yetirib.
İttihama görə, valideynləri tərəfindən edilən bu hərəkətlərdən sonra daha da aqressivləşən Murad qisas almaq niyyəti ilə atasını öldürmək qərarına gəlib. O, mətbəxdən bıçağı götürərək evdən həyətə çıxıb. Anası onun əlində bıçaq gördükdə, baş verə biləcək təhlükə barədə atasını xəbərdar edib.
Nizami Əmirov vəziyyəti anlayaraq qaçmağa çalışsa da, təqsirləndirilən şəxs onun arxasınca gedərək darvazanın qarşısında yaxalayıb və həyat üçün təhlükəli olan müxtəlif nahiyələrdən ardıcıl bıçaq zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsə döş və qarın boşluğuna nüfuz edən ağır xəsarətlər yetirilib, çoxlu qan itkisi baş verib və o, hadisə yerində ölüb.
Məhkəmə baxışı zamanı Murad Əmirov ona Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində hadisəni affekt və “panik-atak” vəziyyətində törətdiyini, atasını qəsdən öldürmək niyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs həmçinin uzun müddətdir epilepsiya və psixoloji problemlərdən əziyyət çəkdiyini, hadisə anını tam xatırlamadığını qeyd edib və əməlinin CM-in 122.1-ci maddəsi ilə tövsif edilməsini xahiş edib.
Murad Əmirov ifadəsinə əlavə olaraq deyib ki, atası ailəsinin dağılmasına səbəb olub: “İki qızım ilə özümü çox xoşbəxt hiss edirdim. Qızlarımın üzünə həsrət qalmışdım. Atam telefonla kiminləsə danışan zaman iradımı bildirdim, daha sonra məni təhqir etdi”.
Hökmə əsasən, Murad Əmirov 10 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media

































































































