Müasir dünyanı internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Sosial şəbəkələrdə istənilən mövzu müzakirə olunur, müxtəlif məhsullar reklam edilir, ticarət sövdələşməsi baş tutur. Dostluqlar, tanışlıqlar qurulur.
Bütün bunların əlçatan, asan olması ilə yanaşı mənfi tərəfləri də var.
Evimizin içərisinə daxil olan mövzular, görüntülər azyaşlılara təsir edir. Onlar sosial şəbəkələr vasitəsi ilə aqressiv oyunlara meyl edir, yanlış tanışlıqlar qurur və bu da onların psixologiyasına, sağlamlığına zərər vurur. Belə ki, ölkəmiz də daxil olmaqla bir çox ölkədə uşaqlar müxtəlif oyunların qurbanına çevriliblər. Uşaqların saflığından istifadə edərək onları sosial şəbəkələr vasitəsi ilə aldatmaq çox asanlaşıb.
Bir çox proqram vasitəsilə uşaqlar üçün texniki vasitələrdə valideyn nəzarəti və ya müxtəlif mövzulara yaş həddi qoyulsa da bu, həmişə mümkün olmur. Ona görə də bəzi ölkələr sosial şəbəkələr, xüsusilə, uşaqların bundan istifadəsi ilə bağlı qaydalar müəyyən edib, qadağalar tətbiq ediblər.
Bəs ölkəmizdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı hər hansı qanun layihəsi hazırlanırmı? Belə təkliflər varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Ceyhun Məmmədov deyib ki, sosial medianın uşaqların psixologiyasına təsiri son günlər dünyada ən çox müzakirə olunan məsələlərdən biridir.
Onun sözlərinə görə, bu gün dünya bu məsələni ciddi bir formada müzakirə edir:
“Artıq rəqəmsal mühitin uşaqların psixologiyasına təsiri və fəsadları getdikcə artır. İtaliya bu yaxınlarda müəyyən addım atdı. Bir sıra Avropa ölkələrinin də bu istiqamətdə müəyyən addımlar atması gözləniləndir. Biz bunu artıq görəcəyik. Müxtəlif ölkələr 16 yaş və ya ondan bir-iki yaş yuxarı yöndə qərarlar qəbul edirlər.
Türkiyənin də belə qərar qəbuletmə ehtimalı var. Azərbaycanda hazırda bu sahədə hansısa qanun yoxdur. Müzakirələr isə davam edir. Bu istiqamətdə müxtəlif məsələlər qeyd edilib. Bu yaxınlarda İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edildi. Gözlənilən odur ki, bu istiqamətdə digər addımlar da atılsın”.
Milli Məclisin üzvü parlamentdə uşaqların internetdən istifadəsi ilə bağlı təkliflə çıxış etdiyini qeyd edib:
“Parlamentdə bu yaxınlardakı çıxışımda bu məsələyə toxundum. Təklif etdim ki, bu istiqamətdə qanun layihəsi hazırlansın və dinləmə keçirilsin. İnanıram ki, problemin aktuallığı nəzərə alınaraq ölkəmizdə də bu istiqamətdə də müəyyən addımlar atılacaq. Çünki bu yeni bir tendensiyadır, Avropa ölkələri də buna yeni başlayıblar. Ona görə də biz də mərhələli şəkildə buna gedəcəyik”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 06.01.2026
Uşaqların sosial şəbəkələrdən istifadəsi - Azərbaycanda da QADAĞAN OLUNACAQ?
Hazırda oxunan: Uşaqların sosial şəbəkələrdən istifadəsi - Azərbaycanda da QADAĞAN OLUNACAQ?
Hazırda oxunan: Uşaqların sosial şəbəkələrdən istifadəsi - Azərbaycanda da QADAĞAN OLUNACAQ?
589110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































