Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri quruculuq və inkişaf dövrünü yaşayır. Şəhərdə tarixi-mədəni irsin bərpası ilə yanaşı, infrastruktur layihələri də icra olunur, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün yeni yaşayış binaları inşa edilir. Şuşa şəhərində birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. İyirmi üç binadan ibarət bu yaşayış kompleksində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Hazırda isə D 3 və D 4 yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur.
Bizim.Media xəbər verir ki, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Rza Abdullayev Azərtac-a bildirib ki, D 3 yaşayış massivində 17 çoxmənzilli yaşayış binasının inşa edilməsi nəzərdə tutulur. Birinci mərhələdə 10 binanın inşası davam etdirilir. İkinci mərhələdə daha 7 binanın inşasına müvafiq hazırlıq işlərinin yekunlaşmasından sonra start veriləcək. D 3 yaşayış massivində binalar 5 və 6 mərtəbədən ibarət olacaq. Birinci mərhələdə 381 mənzil, ikinci mərhələdə 127 mənzil nəzərdə tutulub. Mənzillər 2, 3, 4 və 5 otaqlı layihləndirilib. Hər binada lift və yeraltı avtodayanacaq mövcuddur. Yaşayış massivinin layihəsində binalar Şuşa şəhərinin memarlıq üslubuna görə dizayn olunub. Ərazidə uşaq oyun meydançaları, yaşıllıqlar və yağış sularının toplanması üçün süni göllər də layihələndirilib.
İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinc və qürur hissi keçirdiklərini bildirirlər. Şuşadan olan Pərviz Vəliyev doğma şəhərinin tikintisində çalışmağın sevincini bölüşərək deyib: “Mən 1991-ci ildə Şuşada anadan olmuşam. Artıq bir ildir ki, ailəmlə birlikdə bura köçmüşük. Mənim üçün böyük qürurdur və fəxrdir ki, yaşayış binalarının tikintisində Şuşa sakini kimi mən də iştirak edirəm. Şuşanın qurulmasında mənim də əməyim var”.
Hazırda həm D 3, həm də D 4 yaşayış massivində inşa olunan binalarda dəmir-beton konstruksiyaların quraşdırılması sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.





Bizim.Media




































































































