Ümumtəhsil müəssisələrində bir qayda olaraq ənənəvi və informatika kimi dövrün tələbinə uyğun fənlər tədris olunur. İnsan hüquqlarından, ölkənin qanunlarından bəhs edən xüsusi fənn isə tədris olunmur.
Bəzi dərsliklərin içərisində “mənim hüquq və azadlıqlarım” və ya “mənim vəzifələrim” başlıqlı ilkin məlumatlar dərc olunsa da tam şəkildə hər yaşa uyğun olaraq qanunları izah edən dərslik hazırlanmayıb. Ölkədə qanunların dilinin xeyli çətin olduğunu nəzərə alsaq, onların sadələşdirilmiş formada hər kəsə, xüsusilə məktəblilərə öyrədilməsi vacib hesab edilir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, ümumi hüquq və azadlıqlar, vəzifələr barədə məlumat verilməsi yaxşı olar:
“Təhsil müəssisələrində şagirdlər üçün onların konstitusiyada nəzərdə tutulan bəzi hüquq və vəzifələri ilə bağlı informasiyalar yer tutur. Yuxarı təhsil pilləsində bəzi dərsliklərdə şagirdlərin hüquqları ilə bağlı informasiyalar mövcuddur. Konstitusiya dərsi tədrisin yuxarı təhsil pilləsində həyata keçirilir.
Ümumi olaraq hüquq, yəni cinayət hüququ, mülkiyyət hüququ və digər anlayışların öyrədilməsi müəyyən çətinlik yarada bilər. Çünki onların hər biri kifayət qədər qanunlar toplusudur və hazırlanması müəyyən qədər zaman tələb edir. Onları anlaşıqlı dilə çevirmək belə çətinlik törədir. Bunun üçün dərs vəsaitləri hazırlanmalıdır.
İlkin vəzifə, hüquq və azadlıqların öyrədilməsi, xüsusilə, ibtidai təhsil pilləsində vacibdir. Əsas vacib olan hüquq və azadlıq, vəzifələrin öyrədilməsi ola bilər. Bunu qarşıdakı illərdə Elm və Təhsil Nazirliyi və digər qurumların müştərək qərarı əsasında tətbiq etmək mümkün ola bilər”.
Günay Şahmar, Bizim.Media


































































































