Münasibətlərdə çox vaxt tarazlıq pozulur. Bu, partnyorlardan birinin liderliyi ələ aldığı tanqo rəqsi kimidir. Kişi "rəhbərliyi" dayandırdıqda, qadın bəzən təşəbbüs göstərməyə çalışır.
Çoxları bunu normal hesab edir, amma bəzi kişilər bunu bəyənmir - xüsusən də lider olmağa öyrəşiblərsə, özlərinin baş rolda olmadığı münasibəti qəbul etməkdə çətinlik çəkirlər.
Ona görə də, əlində telefonla mesaj gözləyərək yuxuya gedən, zənglərlə kişini dəng edən, həmişə əlçatan olan qadınlar münasibətlərdə həmişə uduzublar.
Belə qadınlar münasibətlərə tamamilə qərq olurlar, həyatın davam etdiyini və görüləsi digər vacib şeylərin olduğunu unudurlar. 7/24 kişinin yanında olmaq istəyi özlərini tamamilə unutmağa vadar edir. Dostları ilə görüşləri kəsirlər, hobbilərini unudurlar və planlarını qulaqardına vururlar.
Daimi nəzarət və qısqanclıq isə qarşı tərəfi təngə gətirir. Gözlənilən nəticə – bir gün hər şey dağılıb gedir.
Sevməkdən çox sevilməyə çalışın
Bütün bunlardan çıxış yolu tapmaq üçün mütəxəssislər də qol çırmalayıblar. Belə deyirlər ki, əvvəla sevməkdən çox sevilməyə çalışın.
Deyək ki, artıq ocaq alışıb yanır – aşiq olmusunuz və özünənəzarəti itirmisiniz. O zaman bəzi detallara əməl etmək lazımdır. Kişilərin uzaqlaşdığını hiss etməyə başlayanda kişiyə yönəltdiyiniz 100%-lik enerjini dərhal yox, tədricən geri çəkin.
Partnyora etdiklərinizin qarşılığında eyni şeyi almadıqda cəhdləri dayandırın. Əvvəllər deyə bilmədiyiniz səhvləri indi güllə kimi üzünə yağdırın, çaşıb qalacaq, nəyə uğradığını dərk edə bilməyəcək, bu da onu zamanla “sözəbaxan” edəcək.
Yox əgər, bütün bunlar işə yaramasa, qarşı tərəflə açıq, səmimi söhbət edin. Unutmayın ki, heç kim başqa bir insan üçün məsuliyyət daşıya bilməz və heç kim əvəzolunmaz deyil.
Aydın sərhədlər qoyun və partnyorunuza hansı davranışın qəbuledilməz olduğunu aydınlaşdırın. Ən əsası gedə biləcəyənizə və istənilən halda xoşbəxt olacağınıza onu inandırın.
Şəfiqə Şəfa, Bizim.Media



































































































