Yası BORCLA keçirənlər - Gəncədə ehsan süfrəsi niyə əndazədən çıxıb?

Yası BORCLA keçirənlər - Gəncədə ehsan süfrəsi niyə əndazədən çıxıb?

Hazırda oxunan: Yası BORCLA keçirənlər - Gəncədə ehsan süfrəsi niyə əndazədən çıxıb?

588582

Yas mərasimlərinin təşkili xalqların qədim adət-ənənələrindən biridir. Əsrlər boyu bu mərasimlər ailələrin kədərini bölüşmək, itki yaşayanlara mənəvi dayaq olmaq üçün keçirilib.

Azərbaycanlıların da özünə məxsus yas mərasimləri var. Hələ dədə-babalarımız yaxınları dünyasını dəyişən ailəyə dəstək olmağı, onlara təsəlli verməyi özlərinə borc biliblər.

Ta qədimlərdən xalqımız vəfat edənin dəfn mərasimini xüsusi hörmətlə təşkil etməyi özlərinə borc bilib. Ənənəvi mərasimlərdə məqsəd mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaq idi; mərasimin əsas mahiyyəti — kədəri bölüşmək və birlikdə matəm tutmaq idi.

Bu gün də bu ənənəyə sadiq qalaraq adətlərimiz davam etdirilir. Lakin təəssüf ki, bu gün bəzi yerlərdə yas mərasimləri öz ilkin mahiyyətini itirmək üzrədir. Artıq insanlar çox vaxt tərəddüd içində qalırlar: itirdikləri doğmalarının yasını tutmaqla məşğul olsunlar, yoxsa gələn qonaqlara süfrə açmaq qayğısına qalsınlar? Yas evinin ağır, həssas ruhu bəzən geniş süfrələrin qurulması, müxtəlif böyük xərclərin çəkilməsi ilə arxa plana keçir. Bunun nəticəsində yas mərasiminin əsas məqsədi – mərhumun xatirəsini ehtiramla yad etmək və ailəyə dəstək olmaq – kölgədə qalır. 
 

Bu gün ölkəmizin ən böyük şəhərlərindən olan Gəncədə də yas mərasimləri xüsusi dəbdəbə qaydasında aparılır. Hamıda olmasa da əksər insanlar hüzn mərasimlərini böyük “xərclər” hesabına həyata keçirirlər. Son illərdə Azərbaycanda, o cümlədən də Gəncədə yas mərasimləri ilə bağlı xərclər ciddi dərəcədə artıb. Bəzən bu xərclər ailələr üçün ağır yükə çevrilir. Hətta yas mərasimini yola vermək üçün insanlar borc pul götürür, banklardan kredit belə götürməkdən çəkinmirlər. 


Yas mərasimi tək dəfndən ibarət deyil. Dəfn üçün Gəncədə əgər qəbirstanlıqda torpaq sahəniz varsa, orta hesabla 200-300 manat xərciniz çıxacaq. Bura qəbrin qazılması və dəfn olunması aiddir. Yox əgər dəfn yerini almaq istəsəniz, bu sizə ərazisindən və yerləşmə yerindən asılı olaraq orta hesabla 500-1000 manatdan 3000-5000 manadək başa gələ bilər. Dəfn avtomobili 70-100 manat arasında qiymətləndirilir. Əgər qəbirüstünün düzəldilməsini də hesablasaq, bu daşların keyfiyyətindən və formasından asılı olaraq 1500-2000 manatdan başlayaraq 8000-10000 manadək artır. 

Hüzr düşən evdə mütləq şəkildə mərasim təşkil etmək üçün mağarlar qurulur. Şəraitinə görə insanlar bu xidmətə 200-300 manatdan 1000-1500 manatadək pul ödəyirlər. Ehsan verilməsi üçün çayçının 3 günlük xərci orta hesabla 100-300 manata qədər olur. Əgər xidmət etmək üçün işçilər də çağırılsa, bu 4-6 nəfər üçün 1 günlük orta hesabla 120-180 manat arasında olur. 

Dəfn mərasimindən qayıtdıqdan sonra halva və pendir-göyərtidən başqa Gəncədə bozartma verilməsi sanki bir ənənə halını alıb. Əgər orta hesabla 200-250 nəfər üçün bozarma hazırlanarsa, bura aşağısı heç olmasa 55-60 kiloqram mal əti almaq lazım olur. Bu gün Gəncədə bazar qiymətləri ilə götürsək 16-17 manata ətin kiloqramını hesablasaq minimum 880-900 manat yalnız ət üçün vəsait lazımdır.
 

Bunun kartofunu, soğanını, yağını, ədviyyatını da əlavə etsək, orta hesabla təxminən 70-100 manat civarında əlavə pul xərcləməlisən. Bu yeməkləri hazırlamaq üçün aşbaz da sıfariş etsən, bu hüzr sahibinə 100-200 manat əlavə xərc deməkdir.


Yas mərasimində ehsan tək bununla bitmir. Yemək veriləndə ehsan süfrəsinə ağ-qırmızı turşu, pendir və göyərti, pomidor-xiyar qoyulur. Yuxa və çörək də öz yerində. Bütün bunları almaq üçün də yas sahibi heç olmasa 80-100 manata qədər pul xərcləyir. 

Hətta bəzi məclislərdə masada çürbəcür meyvələrə və qazlı-qazsız sulara da rast gəlinir. Əgər bunları da hesablasaq, orta hesabla 100 manat da əlavə olunur. 

Bütün hüzr mərasimlərində çay içmək üçün 3 gün ərzində masaya xurma, qənd, bir sıra çərəzlər, limon qoyulur. Bütün bunlar üçün də orta hesabla 300-400 manat xərcləməlisən. 

Dəfn prosesini idarə etmək üçün mollalar 3 gün üçün 200-400 manat arasında zəhmət haqqı alır.

Əgər 3-7 mərasimində orta hesabla 300-400 nəfər insanın iştirakı nəzərdə tutulursa və ehsan üçün dolma, qaralı aş və döyğa verilərsə orta hesabla 3000-4000 manat xərc hüzr sahibi üçün lazım olur.

Əlbəttə bu hesablamalar təxminən orta rəqəmlərdir və bu bir qədər azala və çoxala bilir. Lakin orta qiymətlərlə hesablayanda ümumilikdə hüzr sahibi bu qayda ilə 8400-9000 manata qədər pul xərcləməli olur. Bəzən bu rəqəmlər təbii ki, 10000-15 000 manata qədər qalxır. 

Bu hesablamalar göstərir ki, öz yaxınını itirən orta təbəqəli ailə hüzrünü yox, mərasimləri yola vermək üçün pul haqqında düşünməli olur. Maraqlısı da odur ki, hətta yaşayış səviyyəsi aşağı olan ailələr də cəmiyyət tənəsindən ehtiyat edərək əzizlərinə səviyyəli ehsan verməyi özlərinə borc bilirlər. Hətta bunun üçün borca düşməyi və bəzən kreditə girməyi də qəbul edirlər. 

Bəs görəsən borcla, kreditlə əzizlərinə ehsan vermək islam dinimizə uyğundurmu? Görəsən bu “dəbdəbəli ehsan” sindromunu necə dağıtmaq mümkündür? 

Bizim.Media-nın yerli bürosu bu mövzuda ilahiyyətçı Əlisəftər Səfərəliyevin fikirlərini öyrənib:

“Azərbaycan xalqının əsrlərlə formalaşmış yas və dəfn adətləri həm dini, həm sosial, həm də mədəni mahiyyət daşıyıb. Yas mərasimlərinin əsas məqsədi ailənin kədərini bölüşmək, mərhumun ruhuna ehtiram göstərmək, yaxınlara mənəvi dayaq olmaq idi. Lakin son onilliklərdə müşahidə edilən dəyişikliklər göstərir ki, bəzi bölgələrdə yas mərasimləri öz ilkin funksiyasından uzaqlaşaraq, sosial nümayiş elementləri daşıyan, hətta ailələr üçün ciddi maliyyə yükünə çevrilmiş tədbirlərə dönür. Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında, kəndlərində yas mərasimlərinin sadə keçirilməsi ilə bağlı ağsaqqallar qərar qəbul ediblər və xeyli müddətdir buna riayət edirlər. Qərb bölgəsində də Samuxda, Şəmkirdə, Qazaxda, Tovuzda belə kəndlər var. Orada ehsan kimi pendir və göy, halva, çay və xurma verilir. Əlbəttə bu çox yaxşı qaydadır.
 

Artıq istər imkanlı ailərlər, istərsə də yaşayış səviyyəsi aşağı olan ailələr eyni qaydada ehsan verirlər. Bu da izafi xərclərin azalmasına yardımçı olur. Bir sözlə insanlar daha “qonşum əzizinə belə ehsan vermişdi mən də gərək edəm” idiologiyası bununla da aradan qalxacaq” deyə ilahiyyatçı əlavə edib.


Əlisəftər Səfərəliyev bildirib ki, əslində bu qayda Gəncədə bir müddət tətbiq olunub. Hətta o zamanlar da cəmiyyət tərəfindən bəzi məqamlarda bir mənalı qarşılanmamışdı. Lakin bir qədər təpkidən sonra insanlar sadə ehsan qaydasına uyğyunlaşdılar və bir müddət sonra çox müsbət yanaşdılar.

Lakin sonradan camaat zaman zaman yenə yas mərasimlərini əndazəsindən çıxardılar:

“Bu gün bir şəhər və rayonlarda, kəndlərdə ağsaqqalların təklifi ilə ehsan verilməsi qaydası sadələşdirilib. Çox da böyük əhalisi olmayan yaşayış yerlərində bunu tətbiq etmək mümkün olur. Lakin Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə hesab edirəm ki, ağsaqqalların sadəcə təklifi yetərli olmayacaq. Fikrimcə ümumilikdə sadə ehsan qaydaları ilə bağlı bir neçə optimal təkliflər düçünülməlidir. Hansı ki, cəmiyyət də onu normal qarşılasın və tətbiq etsin.

Xatırlayırsınızsa Gəncədə yas mərasimləri 7 gün davam edirdi. Sonra onun 3 günə salınması ilə bağlı razılığa gəlindi. Bir müddət bəzi insanlar bunu da qəbul etmirdilər. Lakin hamılıqla bu qaydalara riayət edildikdən sonra hamı bu qaydaya uyğunlaşdı. Bu gün Gəncədə 3 və 7 mərasimi birləşdirilib və yas mərasimi 3 gün davam edir. Bu özü də israfçılığın qarşısının alınmasına çox yardımçı oldu” deyə ilahiyyətçi əlavə edib. 

Səfərəliyev onu da qeyd etdi ki, bu gün yas mərasimlərinə həddindən artıq insan gedir. Bəzən dəfn günü daxil olmaqla 800-1000 nəfər bu mərasimlərdə iştirak edir:

“Bunu çox təssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün ehsan süfrələrinə qatılanların əksəriyyəti cavanlardır. Mən məclislərdə bunu müşahidə edirəm. İnsanlar ehsana bir yemək yeri kimi yanaşırlar. Bu düzgün təsəvvür deyil. Bax bu fikirlər də ehsanların həddən artıq dəbdəbəli və israfçılığa yol açan olmasına şərait yaradır. Düşünürəm ki, hansısa bir formada bunun qarşısını almaq haqqında düşünmək olar”, - deyə ilahiyyatçı bildirib.
 

Yas mərasimlərinin qaydalarının sadələşdirildiyi rayonlardan bir də Samuxdur. Hazırda xeyli vaxtdır rayonun kəndlərində hüzr yerlərində ehsan kimi yalnız halva, göy göyərti və pendir və çay verilir. Yerli camaat bu qaydaları çox müsbət qarşılayırlar.


Rayonun Sarıqamış kənd sakini Emin Quliyev artıq bir neçə ildir bu qaydaların tətbiq olunduğunu və insanlar tərəfindən çox da yaxşı qarşılandığını deyir:

“Bizim kəndin ağsaqqalları toplaşaraq dəbdəbəli yas mərasimlərinin ləğv olunmasına qərar verdilər. Hamı da bununla razılaşdı. İmkanlısı da, orta təbəqəli yaşıyanlar da kasıbı da. Daha heç kim yas mərasimində bir birindən fərqlənmir. Heç kim imkanına görə dəbdəbəli yas mərasimi keçirmir, böyük xərclər çəkib ehsana artıq pul xərcləmir. Nəyi pisdir bu qaydanın axı? Yoxsa əvvəllər hüzr düşən evin sahibi bilmirdi ölüsünü ağlamaqla məşğul olsun, yoxsa gələn insanlara ehsan verməyi düşünməklə. Hesab edirəm ki, ağsaqqallarımız çox düzgün qərar qəbul ediblər və bu Azərbaycanın hər yerində tətbiq olunmalıdır” deyə kənd sakini əlavə edib. 

Cəmiyyət olaraq bu dəyərlərə qayıtmaq, yas mərasimlərimizi israfçılıqdan, süfrə yarışından uzaqlaşdırmaq, qədim adətimizin şərəfini ona uyğun yaşatmağın zamanıdır. 

Milli Məclisin deputatı, Gəncədən millət vəkili seçilən Müşfiq Cəfərov bu məsələlərlə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.

O da vurğulayıb ki, əslində yas mərasimlərinin təşkili qədim adət ənənələrimizdəndir, amma təssüf ki hazırda yas mərasimləri öz məqsədini aşıb:

“İndi insanlar bilmirlər itirdikləri doğmasının yasını tutsun, yoxsa gələn qonaqlara süfrə açsın. Əvvəllər insanlar ölüm hadisəsi olduqda həmin ailəyə yemək bişirib aparardı. Düşünürəm ki, ehsanlar sadələşdirilməlidir. Bəzi rayonlarda ağsaqqallar qərar qəbul ediblər ki, dəfn günü, eləcə də üç mərasimində ət yeməyi verilməsi dayandırılsın. Keçmiş adət-ənənələrimizə uyğun olaraq pendir, halva və çay süfrəsindən istifadə olunsun. Bu, ağsaqqalların qərarıdır, çox da doğru və yerindədir.

Çünki əzizi rəhmətə gedən insanlar istər-istəməz xeyli borcda qalırlar və əziyyət çəkirlər. Dini baxımdan da İslamda israfçılıq haramdır. İnsanlar 3 gün ancaq vəfat edən əzizlərinin dəfni və digər işlərlə məşğul olmalıdır. Keçmişdə də belə olub ki, hüzr düşən evdə yemək  bişirilməyib, onun qonaqları üçün qohum və qonşuları belə hazırlıq işləri görüblər ki, başı qarışıqdır. Amma təəssüflər olsun ki, bu gün elə bir vəziyyət yaranıb ki, əzizi rəhmətə gedənlər ilk öncə bazarlıq edib, biş düşlə məşğul olmağa başlayır.

Hətta insanlar var ki, 40 və il mərasimi üçün kredit belə götürürlər. Bu həqiqətən ağır mənzərədir. Reallıq budur ki, bu məsələni cəmiyyət özü dərk edib, özü həll etməlidir. Çünki bu gün hər hansı bir rəsmi qurum bu barədə qərar qəbul etsə, bir qisim insanlar tərəfindən çox gözəl qarşılanıb və sadələşdirilmiş ehsan veriləcək. Amma bununla qane olmayan, razılaşmayanlar da olacaq. O cəhətdən bu məsələ birbaşa cəmiyyətin və böyüklərin məsulliyyətindədir”, - deyə millət vəkili əlavə edib.
 

Beləliklə həm insanlar, həm ilahiyyatçı, həm də millət vəkili yas mərasimlərinin əndazəsindən çıxdığını, həddən artıq israfçılığın olduğunu, bununla da cəmiyyətin müxtəlif təbəqəsindən olan insanların əziyyət çəkdiyini təsdiq eləyir.


Yas mərasimləri sadələşdirilən yerlərdə olanlar insanlar isə bunun çox təqdirəlayiq olduğunu bildirirlər. Belə olan halda niyə bu qayda bütün ölkədə tətbiq edilməsin? İstər ağsaqqalar, istər din xadimləri, istərsə də qanunları yazanlar israfçılığa yol açan, insanları qayğılandıran dəbdəbəli ehsanların ləğv olunması haqqında fikirləşsələr, bu cəmiyyətdə insanların həm maddi, həm də mənəvi yüklənməsinin qarşısını alar. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO