Məktəbdə özünü sakit aparan uşaqlar çox vaxt utancaq kimi görünürlər. Lakin bu sakitlik bəzən şəxsiyyət xüsusiyyətindən daha çox diqqətdən kənarda qalan problemin siqnalı ola bilər.
Təəssüf ki, uşaqlarda sakit davranış özünəinamın olmamasından və ya ailə daxilində ünsiyyət problemlərindən qaynaqlana bilər.
Bəzi uşaqlar başqaları tərəfindən mənfi qiymətləndirilmək qorxusundan sosial mühitlərdə danışmaqdan və ya aktiv iştirakdan çəkinirlər.
Psixoloq, metodist Zərifə Şıxməmmədovanın Bizim.Media-ya verdiyi məlumata görə, utancaqlıq və sosial narahatlıq arasındakı fərqi adətən simptomların şiddəti və müddəti, eləcə də uşağın fəaliyyətinə təsiri ilə başa düşmək olar.
Belə ki, utancaq uşaqların əksəriyyəti zamanla ətraf mühitə uyğunlaşır. Lakin sosial narahatlıq pozğunluğunda bu vəziyyət davamlıdır və uşağın həyat keyfiyyətini aşağı salır. Əgər uzaqlaşma davranışları altı ay və ya daha uzun müddət davam edərsə, peşəkar dəstək lazım ola bilər.
Mütəxəssisin sözlərinə görə, belə uşaqlar adətən müəllimlərlə danışmaqda çətinlik çəkir, təqdimatlar, ad günləri və ya çıxışlar zamanı güclü stress keçirirlər, qızarma, tərləmə və ürək döyüntüsü kimi fiziki reaksiyalar yaşayırlar. Sakit uşaqlara təzyiq, müqayisə və təhqiramiz ifadələrdən çəkinmək lazımdır.
“Uşağı danışmağa məcbur etmək, onları başqaları ilə müqayisə etmək narahatlığı daha da dərinləşdirir. Bunun əvəzinə, “Çətinlik çəkə bilərsən, bu çox normaldır” kimi qəbuledici ifadələrdən istifadə etmək uşağa özünəinam verir. Valideynlər və müəllimlər üçün ən vacib vəzifə uşağın özünü təhlükəsiz hiss etdiyi mühit yaratmaqdır. Yazı, rəsm və ya oyun kimi alternativ ünsiyyət üsulları da uşaq üçün bir çıxış yolu ola bilər”.
Şəfiqə Şəfa, Bizim.Media

































































































