Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə bir manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə üç manat müəyyənləşdirilib. Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Bəs sabit tarif deyəndə nə nəzərdə tutulur?
Bizim.Media xəbər verir ki, "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlarda tənzimlənən qiymət və tariflərin siyahısına "sabit tarif" ifadəsi əlavə olunub. Qanuna əsasən, sabit tarif elektrik enerjisinin və qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müəyyən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Məqsəd sabit xarakterli xərclərin müəyyən hissəsinin bütün istehlakçılar arasında ədalətli şəkildə bölüşdürülməsidir.
Elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur.
Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanması məqsədilə tətbiq edilir.
Sabit tarifin təsdiqi "Azərişıq" ASC-nin və "Azəriqaz" İB-nin xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, maliyyə dayanıqlığının yaxşılaşmasına müsbət təsir göstərəcək. Belə ki, tətbiq olunan tariflər rentabelli fəaliyyəti təmin etməklə, bu sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, abonentlərin daha keyfiyyətli, fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi üçün yeni sərmayələrə şərait yaradacaq.
Beynəlxalq təcrübədə aylıq sabit tariflər:
- Elektrik enerjisi üzrə: Kanadada 8.40 manat, Böyük Britaniyada 30.9-47.4 manat, Yaponiyada 3.4-20.4 manat, Almaniyada 6.54 manat;
- Təbii qaz üzrə: İspaniyada 6.8 manat, Böyük Britaniyada 23.1 manat, Latviyada 10.4 manat, Fransada 4.8-18.9 manat, Niderland Krallığında 28.51 manat, Polşada 1.56-2.98 manat.
Qeyd edək ki, ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi energetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədlərindən biridir və istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi məqsədilə bu sahələrə böyük həcmdə dövlət investisiyaları qoyulub, həmçinin özəl investisiyalar cəlb edilib.
Azərbaycanda əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib, qaz təchizatı infrastrukturu yenidən qurulub, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, sayğaclaşma işləri aparılıb.
Azərbaycan dünyada ən çox qazlaşdırılan ölkələr sırasındadır. (Oxu.az)
Bizim.Media

































































































