Yerə düşən düyü dənəsi niyə günah sayılır? – Mövhumat, etika, yoxsa...

Yerə düşən düyü dənəsi niyə günah sayılır? – Mövhumat, etika, yoxsa...

Hazırda oxunan: Yerə düşən düyü dənəsi niyə günah sayılır? – Mövhumat, etika, yoxsa...

588061

Uşaq vaxtı böyüklərimiz bizə yerə düşən çörəyi öpüb göz üstünə, sonra isə kənar, amma təmiz bir yerə qoymağı öyrədiblər. Bu, sadəcə bir ritual deyil, şüuraltımıza yeridilən nemətə hörmət, onu bizə təmin edən təbiətə, Yaradana, valideynə minnət duyğusudur. Amma bəzən insanlar arasında çörəyin, eləcə də düyünün yerə düşməsinə mövhümatı yanaşmalar, dini don geyindirmə halları olur.

Bu mövhumatdır, yoxsa şərq insanının minnətdarlıq etikasıdır?

Mövzuyla əlaqədar Bizim.Media-ya fikirlərini bölüşən ilahiyyatçı Hacı Mirəli Qafarov bildirdi ki, günah kimi təqdim olunan qadağalar əslində mövhumat deyil, dini-etik yanaşmadır:
 

“İslam dinində hər bir nemət Yaradanın varlığına işarədir. İslamda qida sadəcə bioloji ehtiyac deyil, Allahın insana verdiyi bir əmanətdir ki, ona xəyanət olmaz. Qurani-Kərimdə, Əraf surəsində “Yeyin, lakin israf etməyin” deyə buyurulur. Yerə düşən düyü dənəsini götürmək, əslində israfın qarşısını almaq kimi təqdirəlayiq addımdır”.


Qeyd edək ki, xalq inanclarında belə bir deyim var: “Düyünü yerə töksən, o dünyada kirpiklərinlə yığacaqsan”. İlahiyyatçı vurğulayır ki, bu, bir növ maarifləndirici mübaliğədir. Başqa sözlə, “əməyə hörmətsizlik etsən, nemətə şükür etməsən Yaradan tərəfindən cəzalandırılacaqsan” anlamına gəlir.

Bəs niyə digər qida növləri deyil, məhz düyü?

İlahiyyatçı bunu düyünün şərq-İslam mətbəxindəki uca məqamı ilə əlaqələndirir:


“Düyünün müqəddəsliyi onun hər hansısa möcüzəsində deyil, ən qədim qida növlərindən biri kimi günümüzün süfrəsinə qədər gəlib çatdığı uzun və nüfuzlu yoldadır. Plov növləri şərq süfrəsində həmişə ucalıqda olub, bayram süfrələrində, əziz qonaqlar gələndə, bəy-xan məclislərində təqdim olunub”.
 

Xatırladaq ki, düyü və çörəkdən başqa, duz da İslam mədəniyyətində əhəmiyyətli ərzaq “səbət”inə daxildir. Duzla bağlı da xalq təfəkküründə maraqlı deyilmlər var. Məsələn, duz yerə tökülərsə, ailədə dava-dalaş düşəcəyinə inanılır. Dərhal üstünə qənd parçası qoyulur.


Yaxud biri ilə süfrə arxasında oturub duz-çörək kəsmək, o insanla mənəvi əhd bağlamaq deməkdir. Bu əhdi pozmaq və “duz-çörəyi tapdalamaq” kimi nankorluq sayılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO