“Qızılın qiyməti rekord həddə çatıb. Hazırda 1 qramm 999.9 əyarlı qızıl 145 dollara satılır”.
Bizim.Media xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.
O qeyd edib ki, yaranmış vəziyyət zərgərlik bazarına neqativ təsir göstərir.
“Alıcılıq qabiliyyəti aşağı düşüb, satışlar ciddi şəkildə zəifləyib. Bu da öz növbəsində zərgərlik sənayesinin işini ləngidir”, - assosiasiya sədri vurğulayıb.
İqtisadçı Rəşad Həsənov isə “Yeni Sabah”a açıqlamasında deyib ki, 2025-ci il ərzində qızılın qiymətinin kəskin şəkildə bahalaşması bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, buta mərkəzi bankların qızıl ehtiyatlarını artırması fonunda tələbin yüksəlməsi, heterodoks iqtisadi siyasətlərin güclənməsi və qlobal iqtisadi mühitdə proqnozlaşdırılmayan qeyri-müəyyənliklər daxildir.
“Paralel olaraq geosiyasi gərginliklər, ABŞ dollarının gələcəyi ilə bağlı mövcud administrasiyanın həyata keçirdiyi siyasətin yaratdığı risklər, eləcə də federal maliyyə sistemində nəzarətin zəiflədilməsi istiqamətində atılan addımlar bu bahalaşmanı şərtləndirən əsas faktorlar sırasındadır. Mövcud trendlərin 2026-cı il ərzində də bu və ya digər formada davam etməsi ehtimalları kifayət qədər yüksəkdir. Hazırkı şəraitdə iqtisadi mühitin proqnozlaşdırılması çətin olaraq qalır. Bu səbəbdən qızılın qiymətlərinin artmaqda davam etməsi mümkündür ki, bu da müxtəlif istiqamətlər üzrə müəyyən çağırışlar yaradır”.
İqtisadçı vurğulayıb ki, xüsusilə, zinət əşyalarının idxalı baxımından Azərbaycanın xaricə çıxan valyuta həcmi artacaq:
Qızıl idxalı ilə bağlı xərclərin yüksəlməsi ölkə daxilində ümumi idxalın həcminin artmasına və tədiyə balansının xərclər hissəsində əlavə təzyiqlərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, Azərbaycan az həcmdə olsa da, qızıl ixrac edən ölkələrdən biridir. Bu sahədə fəaliyyət göstərən müəssisələrin gəlirləri artacaq, müvafiq investisiyaların geri dönüş və ödəniş müddəti sürətlənəcək, mənfəət norması yüksələcək. Ümumilikdə isə ölkə daxilində zinət əşyalarının dövriyyəsi və satışının təşkili istiqamətində genişlənmə müşahidə olunacaq. Bu da vergi daxilolmalarının artmasına şərait yarada bilər. Dövriyyənin genişlənməsi ilə yanaşı, bu sahədə mövcud olan qeyri-formal sahibkarlıq fəaliyyətinə qarşı mübarizə tədbirləri gücləndirilərsə, əhəmiyyətli vergi bazası formalaşdırmaq mümkün olacaq”.
R.Həsənov qeyd edib ki, eyni zamanda əhalinin zinət əşyalarına çəkdiyi xərclər ciddi şəkildə artacaq:
“Xüsusilə ailə quranların toy xərcləri çoxalacaq. Bununla yanaşı, son illərdə Azərbaycanın qızıl ehtiyatlarının artırılmasına böyük investisiyalar qoyulur. Xüsusilə Dövlət Neft Fondu bu sahədə alışlarını artırıb. Bu da Azərbaycanın strateji valyuta ehtiyatlarının dəyərinin güclənməsinə səbəb olacaq. Qızılın dünya bazarlarında bahalaşması fonunda Dövlət Neft Fondunun aktivlərinin ümumi dəyəri daha da arta bilər. Çünki bu dəyərləndirmə zamanı qızılın real bazar qiymətləri nəzərə alınır”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:26 / 28.12.2025
Toy etməyə hazırlaşanlar bu xəbərə çox da sevinməyəcək - 2026-cı ildə dəyişir
Hazırda oxunan: Toy etməyə hazırlaşanlar bu xəbərə çox da sevinməyəcək - 2026-cı ildə dəyişir
Hazırda oxunan: Toy etməyə hazırlaşanlar bu xəbərə çox da sevinməyəcək - 2026-cı ildə dəyişir
587849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































