“Azərbaycanda qohum evliliyindən olan uşaqlar çox zaman xəstə doğulur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində “Qadınların sosial və mənvəi inkişafında dini icmaların rolu” mövzusunda keçirilən panel çıxışı zamanı deyib.
“Azərbaycanda bir çox icma və dini azlıqlar var. Onların arasında olan nikahlarda genetik kod o qədər zəifləyib ki, bu nikahlardan uşaq ya doğulmur, ya da xəstə olaraq dünyaya gətirilir.
O qadınlarla evlənən kişilər isə aradan çıxır və o xəstə uşaqların baxılması dövlətin üzərinə düşür. Həmin kişi nə aliment verir, nə də ailəsinə kömək edir.
İstərdim, axundlarımız öz icmalarında bu məsələyə diqqət yetirsinlər. Bu gün Azərbaycanda nə qədər ailə dağılır. Məgər onların hamısının günahı qızdadır?
Bəzən də deyirlər ki, siz istəyirsiniz, Azərbaycanda qadınlar üstünlük etsin. Bunu kim deyir? Azərbaycan qadını heç vaxt böyük-kiçiyə qarşı lazım olmayan hərəkət eləməz”.
Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

































































































