Ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir.
Bizim.Media xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil ediləcək tədbir Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin konstitusion əsaslarının möhkəmləndirilməsi, dünyəvilik prinsipinin və vicdan azadlığının təmin olunması, multikultural və tolerant dəyərlərin təşviqi, dini sahədə maarifçilik fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Forum çərçivəsində “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri təşkil olunacaq.
Panel müzairələrdə dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişləndirilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının alınmasında maarifləndirmənin rolu, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

















Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

































































































