Səma qəhrəmanının həyat hekayəsi - Pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan REPORTAJ - VİDEO

Səma qəhrəmanının həyat hekayəsi - Pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan REPORTAJ - VİDEO

Hazırda oxunan: Səma qəhrəmanının həyat hekayəsi - Pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan REPORTAJ - VİDEO

587009

Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninov Ukraynanın Kropivnitsk Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında da təhsil alıb. Bu təhsil kompleksi 1951-ci ildən bəri aviasiya mütəxəssisləri hazırlayır. 80 ölkədən 110 mindən çox mütəxəssis burada təhsilini başa vurub.

Bizim.Media xəbər verir ki, “Azərtac.az”ın xüsusi müxbiri 1992-ci il təvəllüdlü Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyada və Milli Qəhrəmanımızın adına yaradılan auditoriyada olub, onu yaxından tanıyanlarla söhbət edib.

İlk növbədə qeyd edək ki, Aleksandr Kalyaninov Bakı Avropa Liseyini bitirib. Ali təhsilini Bakıda və Türkiyənin İzmir şəhərində davam etdirib. Daha sonra magistr təhsilini Ukraynada davam etdirmək qərarına gəlib. 2021-ci ildə Kropivnitsk Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında aviasiya nəqliyyatı üzrə magistr dərəcəsini alıb və "pilot mühəndisi", "tədqiqat mühəndisi" ixtisaslarına yiyələnib. Aleksandr Ukraynada magistr təhsili aldığı müddətdə çox ağıllı, bilikli, bir neçə xarici dildə səlis danışan, dürüst insan kimi yaddaşlarda qalıb.
Akademiyanın rektoru Boqdan Stetsyuk Milli Qəhrəmanımız haqqında öz fikirlərini bölüşüb:
 

“Biz məzunumuz, Azərbaycan xalqının qəhrəmanı, insanların, heyət və sərnişinlərin həyatını xilas verən Aleksandr Kalyaninovun adını daşıyan auditoriyada dayanmışıq. Aleksandr ən yaxşı məzunlarımızdan biri idi. O, əla tələbə idi və müəllimləri onun haqqında yüksək fikirlər söyləyirlər. Aleksandr fəal idi, Ukraynanı sevirdi, ölkəmiz daxilində çox səyahət edirdi və həmyaşıdları tərəfindən hörmətlə qarşılanırdı. Onun xatirəsinə akademiya ən yaxşı auditoriyalarından birini seçib. Ukraynanın Azərbaycandakı səfirliyi, xüsusən də bu yaxınlarda bizi ziyarət edən səfir Yuri Qusev bizə əhəmiyyətli və dəyərli kömək göstərib. Sıx əməkdaşlığına görə Azərbaycan xalqına və hökumətinə çox minnətdarıq. Qeyd etmək lazımdır ki, bir çox Azərbaycan vətəndaşı akademiyamızda müxtəlif ixtisaslar üzrə təhsil alır”.


Aleksandr uşaqlıqdan atası kimi pilot olmağı və həyatını səmaya həsr etməyi arzulayırdı. Məhz o səmalarda olmaq arzusunu gerçəkləşdirmək üçün peşəkar təhsil alaraq nümunəvi pilot oldu.
Milli Qəhrəmanımızın təhsil aldığı auditoriyada ona aid guşə yaradılıb. Akademiyada təhsil alanlar indi onun qəhrəmanlığından əyani şəkildə tanış olurlar.

Biz orada olanda akademiyanın dosenti, tarixçi-alim İrina Romanko Milli Qəhrəmanımızın keçdiyi həyat yolu barədə tələbələr qarşısında məruzə ilə çıxış edirdi. Onun qəhrəmanlığı məhz akademiyada təhsil alan tələbələrə bir nümunə kimi göstərilirdi.

İrina Romanko bizimlə söhbətində bildirdi ki, akademiyanın rəsmi saytında Aleksandr Kalyaninovun həyat və qəhrəmanlığına həsr olunmuş virtual memorial yaradılıb.

“Dünyadakı hər kəsin memorialın materiallarına daxil ola bilməsi üçün virtual format seçdik. Mətn iki dildə - Ukrayna və Azərbaycan dillərində təqdim olunur. Bu, Aleksandr Kalyaninovun həyat hekayəsidir və erkən uşaqlıq illərindən, Bakıdakı Avropa Liseyində təhsilindən, Milli Aviasiya Akademiyasından və Ukrayna Dövlət Uçuş Akademiyasında magistr dərəcəsindən başlayır. Bu dövrə onun peşəkar inkişafı, Azərbaycan Hava Yollarında işləməsi və onlarla insanın həyatına son qoyan o dəhşətli, faciəli günün hadisələri daxildir.

Ekipajın şücaəti və Aleksandr Kalyaninovun qəhrəmanlığı Azərbaycandan olan kursantlar da daxil olmaqla, nəsillər boyu kursantların təlimi və təhsili üçün nümunədir. Biz Azərbaycan vətəndaşlarını yetişdirə bildiyimiz üçün qürur duyuruq. Həmçinin yaxın gələcəkdə Aleksandr Kalyaninovun xatirəsini əbədiləşdirmək səylərimizi daha da artıracağıq, muzey sərgisi yaradacağıq və onun məzmununu genişləndirəcəyik. Kirovoqrad bölgəsindəki Azərbaycan diasporu ilə birgə tədbirlər keçirməyi planlaşdırırıq. Aleksandr əbədi olaraq qəlbimizdə yaşayacaq”, - deyə İrina Romanko əlavə edib.

Aleksandr Kalyaninovun nümunəvi tələbə olduğunu onun magistr təhsili üzrə rəhbərinin dilindən eşitmək xoş oldu.

Akademiyanın mühəndislik üzrə fəlsəfə doktoru Vladimir Majarov isə onu belə xatırlayır: “Mən Aleksandrın magistr dissertasiyası üzrə magistr proqramı zamanı onun rəhbəri idim. O, heç vaxt problem yaratmayıb, çox nəzakətli və intizamlı tələbə idi, verilən tapşırıqları müstəqil və uğurla yerinə yetirirdi. Aleksandr həmişə təşəbbüskarlıq və işləmək istəyi göstərərək biliyini ən yüksək səviyyədə nümayiş etdirirdi”.

Aleksandr Kalyaninov adına auditoriyanın yardaılmasında diasporumuzun xidməti də danılmazdır. Bu işdə diasporumuzun fəalları akademiya ilə sıx əməkdaşlıq edirlər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kirovoqrad vilayəti təşkilatının sədri Yusif Məmmədov bildirib ki, bu təhsil ocağı burada yaşayan azərbaycanlılar üçün də doğmadır. “Akademiyada hazırda 60 azərbaycanlı təhsil alır. Ali təhsil ocağında Milli Qəhrəmanımız Aleksandr Kalyaninovun muzey-guşəsi yaradılıb. Bu muzey-guşənin inkişaf etdirilməsi üçün əlimizdən gələni edirik”, - deyə diaspor fəalı bildirib.

Aleksandr Kalyaninov peşəkar pilot kimi çox qısa yol keçsə də, şücaəti ilə əbədiyyətə qovuşdu. Səma yolunda Milli Qəhrəman oldu.

Qeyd edək ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO