Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Hazırda oxunan: Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

586582

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb.

"Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, - nazir qeyd edib.

Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən ötən gün Bakıdan yola salınıb.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Bəs bu addımın davamı olacaqmı?

Suala Bizim.Media-ya açıqlamasında aydınlıq gətirən sabiq xarici işlər naziri Töfiq Zülfüqarov deyib ki, bu tədbirin regiona struktur və yaxud strateji dəyişiklik gətirəcəyini gözləmir:

“Bu sadəcə Azərbaycan tərəfindən atılmış xoşməramlı bir addımdır. Məqsədsə odur ki, Ermənistan sülhə təşviq edilsin və siyasi gündəmdə sülhü təbliğ eləmək üçün Paşinyan daha güclü görünsün. 

O ki qaldı gələcək iqtisadi və yaxud geopolitik dəyişikliyə, bu barədə danışmaq tezdir. Çünki iki ölkə arasında əlaqələrin qurulması üçün sülh sazişi imzalanmalıdır. Bu Azərbaycanın dəyişməz mövqeyidir. 

Yada salaq ki, Vaşinqton görüşlərində Ermənistan ev tapşırıqları alıb. Vaşinqtonda və Bakıda həmin tapşırıqların icrasını gözləyirlər. İlk növbədə Zəngəzur dəhlizi ilə bağlı məsələ var. İl yekunlaşır, amma bu sahədə ciddi irəliləyiş yoxdur. Halbuki Vaşinqton razılaşmasına görə Zəngəzir dəhlizi ilə bağlı hazırlıq işləri 2025-ci ilin sonuna qədər yekunlaşmalı idi. Lakin Ermənistan tərəfdə heç bir işə başlanılmayıb. 

Digər tərəfdən Ermənistanda ziddiyyətli bəyanatlar səslənir. Bu da onu göstərir ki, Rusiya Vaşinqton razılaşmasına qarşı çıxır. Eyni zamanda Paşinyanın Rusiya və İrana verdiyi vədlər Vaşinqtonda verdiyi vədlərlə ziddiyyət təşkil edir. Paşinyan bu problemi necə həll edəcək, hələ bəlli deyil”.

Surxay Atakişiyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO