“Azərbaycanda son illərdə abituriyentlərin aqrar sektora marağı artıb. Əgər 2023-2024-cü ildə tədris planı üzrə müəyyən olunmuş tələbə sayını 1538 nəfərə çatdırmışdıqsa, bu dinamika 2025-2026-cı ilində 98 faizə çatmaqla 2019 nəfər olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Milli Məclisin Aqrar siyasət komitəsində “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda bu gün keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, Aqrar Universitetdə təhsil alan tələbələrə əlavə təqaüdlərin verilməsi həyata keçirilir:
“Universitetimizdə 400-600 arasında bal toplamış tələbələrə əlavə 150 manat, 600-dən yüksək bal toplayanlara 200 manat, sessiyada bütün fənlərdən yaxşı nəticə göstərən tələbələrə isə əlavə 100 manat, xüsusilə ingilis dilində tədris alan tələbələrə əlavə 75 manat məbləğində təqaüd ödənilir”.
Rektor universitetdə ikili diplom proqramının da tətbiq olunduğunu qeyd edib.
Günay Şahmar, Bizim.Media



























































































