Zərdab–Ağdaş magistral yolu ÇÖKÜR – “Rayona getmək 40 manata başa gəlir” – FOTO

Zərdab–Ağdaş magistral yolu ÇÖKÜR – “Rayona getmək 40 manata başa gəlir” – FOTO

Hazırda oxunan: Zərdab–Ağdaş magistral yolu ÇÖKÜR – “Rayona getmək 40 manata başa gəlir” – FOTO

586367

Zərdab–Ağdaş magistral yolu acınacaqlı vəziyyətdədir. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Zərdab rayon sakinləri uzun müddətdir Zərdab–Ağdaş avtomobil yolunun yararsız vəziyyətdə olmasından ciddi narazılıq edirlər.

Təqribən 40 kilometr uzunluğunda olan bu yol Zərdab və Ağdaş rayonlarının bir neçə kəndini birləşdirir və eyni zamanda Bakı–Qazax magistral yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsinə çıxışı təmin edir.

Sakinlərin sözlərinə görə, Bakı istiqamətinə və əksinə hərəkət üçün ən qısa yol məhz bu marşrutdur.


Lakin yolun hazırkı vəziyyəti onlara həm vaxt itkisi, həm də əlavə maddi xərc yaradır.


Bildirilir ki, rayon mərkəzinə taksi ilə gedib-gəlmək olduqca bahadır. Belə ki, taksi sürücüləri yolun yararsızlığını əsas gətirərək hər kilometrə görə 1 manat tələb edirlər. Nəticədə 40 kilometrlik məsafə sakinlərə 40 manata başa gəlir ki, bu da xüsusilə maddi imkanı zəif olan ailələr üçün ciddi yükdür. Bu səbəbdən bəzi sakinlər aylarla yaxın qohumlarını belə ziyarət edə bilmədiklərini deyirlər.

Süleyli kənd sakini Füzuli Şeydayev bildirir ki, kəndləri rayonun ən ucqar ərazilərindən biridir və yolsuzluqdan ciddi əziyyət çəkirlər:


“Zərdab–Ağdaş yolu tamamilə bərbad vəziyyətdədir. Əvvəllər yol çəkilmişdi, düzəlmişdi, amma son vaxtlar yenidən dağılıb. Ucqar kənddə yaşadığımız üçün rayona gedib-gəlmək çox çətindir. Maşınlar sıradan çıxır, camaat əziyyət çəkir. Rayon mərkəzinə çıxmaq bizə çox baha başa gəlir. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu yolları bərpa etsinlər”.

Digər kənd sakinləri Çingiz Xəlilov və Famil Əhmədov də yolların acınacaqlı vəziyyətdə olduğunu deyirlər.

Onların sözlərinə görə, ərazidə su xətti çəkilişi aparan şirkət ağır texnikalarla yolu daha da yararsız hala salıb:


“Deyirlər ki, köməklik edəcəyik, yolu düzəldəcəyik, amma indiyədək heç bir tədbir görülməyib. Ağdaşa gedib-gəlmək üçün maşın tuturuq, sürücülər 40 manat tələb edir. Avtobus var, o da məhdud qrafiklə işləyir. Bizə kömək edin”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanıb. Qurumun mətbuat xidmətindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, adıçəkilən yolların yenidən qurulması ilə bağlı təkliflər planı hazırlanaraq investisiya proqramına daxil edilməsi üçün təqdim olunub.

Qeyd olunub ki, təkliflərin növbəti illərin investisiya proqramına salınması və yolların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Həmin işlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilməsi planlaşdırılır.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO