Bir həftə əvvəl Binəqədi rayonunda yerləşən 179 saylı məktəbin qarşısındakı avtomobil yolunda piyadalar üçün təhlükəli vəziyyətin olduğunu xəbər vermişdik.
Bizim.Media-nın bununla bağlı hazrladığı sujetdə bildirmişdik ki, qeyd olunan ünvanda məktəblilərin təhlükəsizliyi üçün nə piyada keçidi, nə təhlükəsizlik nişanları, nə də işlək işıqfor təmin olunub.
MÖVZU İLƏ BAĞLI:
Bir keçiddə 3 məktəbli həyatını itirdi – Valideynlərin naləsi niyə eşidilmir? - VİDEO
Elə bu səbəbdən təkcə 2021-ci il tədris ilində müxtəlif vaxtlarda 3 məktəbli avtomobil qəzası nəticəsində həyatını itirib.
Qeyd edək ki, sujetimizlə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında qısa zamanda piyadaların təhlükəsizliyinin təmin olunması üçün məktəbin qarşısında piyada keçidi salınacağını, həmçinin işıqforun işindəki nasazlığın aradan qaldırılacağını söyləmişdi.
Çəkiliş qrupumuz növbəti dəfə ərazidə olub. Müşahidələr zamanı ərazidəki təhlükəli vəziyyətin dəyişmədiyi qeydə alınıb. Ərazidə nə piyada keçidi salınıb, nə də nasaz işıqforla bağlı məsələ həll edilib.
Görünür, məsuliyyətsiz və vədinə əməl etməyən BNA-ya hər gün bu yoldan istifadə edən piyadaların həyatı maraqlı deyil.
Qurum məsələ ilə bağlı sorğumuzu növbəti dəfə cavabsız qoyub. Sözügedən məktəbdə təhsil alan məktəblilərin və həmin yoldan istifadə edən yüzlərlə piyadanın isə ümidi Allaha qalıb.
Alçina Amilqızı, Bizim.Media